“Gətirdiyim futbolçular əsas komanda üçün nəzərdə tutulub”
07.12.2011 - 15:42
“Gətirdiyim futbolçular əsas komanda üçün nəzərdə tutulub”
“İşimi davam etdirirəm. Oyunları, məşqləri izləyib, istedadlı uşaqları seçirəm. Seçim zamanı da əvvəlcə klub prezidenti Mais Mənsimovla, daha sonra məşqçilərlə məsləhətləşirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın seleksiyaçı məşqçisi Zaur Ramazanov deyib.

Az öncə işinə başlayan Ramazanov bildirib ki, artıq “ağ-yaşıllar”a bir neçə futbolçu qazandırıb. Komanda rəhbərliyinin ona inandığını deyən veteran futbolçu yerli futbolçuları izlədiyini deyib: “Əsas odur ki, klub rəhbərliyi mənə inanır. Ancaq yerli futbolçuları iş başında izləyirəm. Legionerlər mənlik deyil. Komandaya qazandırdığım futbolçular var. Amma inciməyin, ad açıqlamayacam. Çünki gətirdiyim futbolçular əsas komanda üçün nəzərdə tutulub. Təbii ki, fiziki, taktiki hazırlığını məşqçilər yoxlayıb qərar verirlər. Bir sözlə, komandaya gəldikdən sonra əsas heyətdə oynamaq futbolçunun özündən asılıdır”.

Yeni baş məşqçi Cüneyt Biçərlə də bu mövzuda söhbət etdiklərini qeyd edən Ramazanov ondan təlimat aldığını deyib: “Biçərin də öz fikirləri var. O, hansı mövqeyə futbolçu lazım olduğu haqda mənə məlumat verib”.