Samir Zərgərov: O, hamının əhvalını korladı - MÜSAHİBƏ
07.12.2011 - 18:04
Samir Zərgərov: O, hamının əhvalını korladı - MÜSAHİBƏ
“İnter”in yarımmüdafiəçisi Samir Zərgərov klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, futbolçu Premyer Liqanın ötən turunun “Xəzər Lənkəran” və qarşıdakı turun “Qəbələ” ilə oyunları haqda fikirlərini açıqlayıb.

- “Xəzər-Lənkəran”la səfər oyunları həmişə ağır sınaqdır...
- Bəli, bu fikirlə tam razıyam. Fikrimcə, “Xəzər-Lənkəran”la səfər oyunu mövsümün ən çətin qonaq qarşılaşmasıdır. Bazar günü də belə oldu. Bizə çox çətin idi.

- Bununla belə, “İnter” qələbə qazanmağa müyəssər oldu. Bunun sirri nədədir?
- Ən əsası da budur. Biz oyun boyu müdafiədə diqqətlə oynadıq və uğurlu əks-hücumlar təşkil etdik. Göstərdiyimiz fədakarlığa görə oyunun sonunda vurulmuş qolun timsalında mükafat qazandıq. Ev sahibləri belə dönüşü gözləmirdilər və artıq oyunu xilas etmək onlara müyəssər olmadı.

- Bu, “İnter” lənkəranlıların oyun tərzini müfəssəl öyrənməsi ilə bağlı idi?
- Biz bilirdik ki, Lənkəran klubu aqressiv davranacaq, axı 3 uğursuz oyundan sonra onlara qələbə lazım idi. Bundan əlavə, onlar evdə oynayırdılar və tribunalar onları yalnız irəliyə səsləyirdi. Baş məşqçi belə komandaya qarşı necə oynamağı başa salmışdı və bizə müvafiq göstərişlərini vermişdi. Biz inanırdıq ki, uğurlu nəticə əldə edə bilərik və bu inam bizə çox kömək etdi.

- Ancaq oyunun sonunda tribunadan atılmış daşın Kaxaber Sxadadzenin başına dəyməsi qonaqların qələbə ovqatını bir qədər təlx etdi. Belə halın yaşanmasına münasibətiniz necədir?
- Bu, çox pis hərəkət idi. Hesab edirəm ki, daş atmış şəxsi komandasının və ümumiyyətlə, futbolun azarkeşi saymaq olmaz. Bununla həmin şəxs nə əldə etdi? Bildiyimə görə, “Xəzər Lənkəran” qarşıdakı iki ev oyununu tamaşaçısız keçirəcək və bütün bunlar bir adama görə baş verəcək. O, hamının əhval-ruhiyyəsini korladı və lənkəranlıları futbolsuz qoydu.

- Belə matçları “6 xal uğrunda mübarizə” də adlandırmaq olar. Axı, komanda 3 xal toplamaqla yanaşı, həm də rəqib komandanı xalsız qoyur ki, bu da turnir cədvəlində böyük rol oynayır...
- Bəli, yaxşı ki, bu xalları biz topladıq. Qələbə bizə ikinci yerə çıxmağımıza kömək etdi, lakin biz nail olduqlarımızla kifayətlənməyə hazırlaşmırıq və turnir cədvəlində 1-ci yerə yüksəlməyə çalışacağıq.

- Qarşıda “İnter”i daha bir çətin səfər oyunu gözləyir. Bu dəfə komandanın rəqibi “Qəbələ” olacaq. Bu matç barədə nə deyə bilərsəiniz?
- Bu qarşılaşma çox çətin olacaq. “Qəbələ” evdə kifayət qədər inamlı oynayır və qələbə qazanmaq üçün 100 faiz gücümüzü ortaya qoymalı olacağıq.

- Bu oyunla bağlı proqnozunuz mecədir?
- Bilirsiniz, əvvəlcədən nəyisə proqnozlaşdırmağı sevmirəm. Ancaq onu deyə bilərəm ki, əgər səfərdə “Xəzər-Lənkəran”ı məğlub etdiksə, o zaman “Qəbələ”yə də qalib gələ bilərik.