Tuyqun Nadirov: Hər iki qərar biabırçı və AFFA adına ləkədir
09.12.2011 - 16:45
Tuyqun Nadirov: Hər iki qərar biabırçı və AFFA adına ləkədir
“Premyer Liqanın XVI turunda “Xəzər Lənkəran” – “Qarabağ” matçı çox güman ki, canlı yayımlanmayacaq. Amma qarşılaşmaya azarkeşlər buraxıla bilər”. Bunu Lent.az-a açıqlamasında “Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

O bildirib ki, AFFA İntizam Komitəsinin klubla bağlı son iki qərarından apellyasiya veriblər. Bunlardan biri Premyer Liqanın XV turunda tribunadan atılan daşla “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin başının yarılması üzündən “Xəzər Lənkəran”ın qarşıdakı 2 ev oyununu azarkeşsiz keçirməyə məhkum edilməsidir.

Nadirovun sözlərinə görə, azarkeşlərin meydançaya buraxılmaması barədə qərarın 8000 manatdan da yüksək pul cəriməsi ilə əvəzlənməsi AFFA Apellyasiya Komitəsindən xahiş olunub.

Etirazla qarşılanan digər qərar “ağ-yaşıllar”ın 17 yaşlılardan ibarət komandasına “Qəbələ” ilə U-17 liqasının oyununu keçirmək üçün lazımi tədbirləri görməməsi səbəbindən 0:3 hesablı məğlubiyyətin verilməsidir.

“Xəzər Lənkəran” rəsmisi bildirib ki, noyabrın 15-də Lənkəranda güclü qar yağdığı üçün stadionda oyun keçirməyə icazə verilməyib: “Halbuki biz eyni hava şəraitində Zaqatalada “Simurq”la görüşmüşük. Necə olur ki, Zaqatalada oynamağımıza icazə verilir, Lənkəranda yox? Əgər icazə verilmirsə, niyə komandamızı texniki məğlubiyyətə düçar edirlər”.

Nadirovun sözlərinə görə, hər iki qərar biabırçı və AFFA adına ləkədir: “Ümidvaram ki, Apellyasiya Komitəsi ədalətli qərar çıxaracaq”.

Qeyd edək ki, Peşəkar Futbol Liqası noyabrın 10-da saat 16:00-da başlanacaq “Xəzər Lənkəran” – “Qarabağ” matçının AzTV vasitəsilə canlı yayımlanacağını xəbər verib.