İsayevin ilk biabırçılığı
12.12.2011 - 12:00
İsayevin ilk biabırçılığı
“Kəpəz”in Premyer Liqanın hesabat turunda “Sumqayıt Şəhər”ə məğlubiyyəti ona və baş məşqçisi Mirbağır İsayev üçün fərqli nəticə oldu. Apasport.az saytının hesablamalarına görə, Gəncə təmsilçisi cari mövsümdə ilk böyük hesablı məğlubiyyətini aldı.

Bu, XVI turda dekabrın 11-də Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda 1:4 hesablı məğlubiyyətlə reallaşdı. Maraqlıdır ki, həmin oyunda hesabı məhz “Kəpəz” açsa da, sonradan 4 top buraxdı.

Bu, gəncəlilərin nəinki bu çempionatda, ümumiyyətlə, bu ildə ilk dəfə darmadağın olunmağı kimi tarixə düşdü. Ölkəmizdə ən titullu klublardan olan “Kəpəz” sonuncu dəfə böyük hesabla ötən ilin dekabrın 18-də uduzmuşdu. Onda Fuad İsmayılovun baş məşqçisi olduğu komanda ötən mövsümün XVIII turunda evdə “Neftçi”yə 0:4 hesabı ilə yenilmişdi.

İsmayılovu “altılıq”da əvəzləyən “Kəpəz”in ən titullu baş məşqçisi Mehman Allahverdiyev işlədiyi yarım ildə böyük hesabla uduzmadan getdi. Gəncə təmsilçisi isə növbəti böyük hesablı məğlubiyyətini də dekabrda, 352 gün sonra aldı.

Allahverdiyevi istefa verdikdən sonra əvəzləyən İsayev “Sumqayıt Şəhər”ə kimi ümumiyyətlə, uduzmamışdı. Belə ki, gəncəlilər onun rəhbərliyi altında evdə “Turan”la bərabərliyə qalmış (1:1), səfərdə “Rəvan”a 2:1 hesabı ilə qalib gəlmişdi. Bu məğlubiyyətin İsayev üçün əsas özəlliyi ondadır ki, peşəkar səviyyədə məşqçi kimi ilk dəfə belə aqibətlə üzləşdi. Yəni 37 yaşlı çalışdırıcı I divizionda və Premyer Liqada işlədiyi müddətdə hələ uduzmamışdı.

İsayev ötən mövsüm I divizionun çempionu etdiyi “Abşeron”la mövsümü məğlubiyyətsiz başa vurdu. Onun yeganə məğlubiyyəti ölkə kubokunun ¼ finalında “İnter”ə (0:1) oldu.

Özü də İsayev üçün “Sumqayıt-Şəhər” yaxşı tanış rəqibdir. Belə ki, o, “Abşeron”u çalışdıranda “Sumqayıt” adlanan komanda ilə 2 dəfə görüşüb. Onda İsayevin komandası səfərdə 4 qol vuraraq, rəqibi darmadağın etmişdi – 4:0. “Abşeron”un ev qələbəsi isə minimal fərqlə (2:1) olmuşdu.

Qeyd edək ki, “Abşeron” ötən mövsüm bitəndən sonra dağıldığından, İsayev bir müddət kənarda qaldı.

Mehman SÜLEYMANOV