Rekordun 8 addımlığında
12.12.2011 - 18:56
Rekordun 8 addımlığında
“İnter” Premyer Liqanın XXVI turunun “Qəbələ” ilə oyununda qolsuz heç-heçə etməklə məğlubiyyətsiz oyunlar seriyasını 13-ə çatdırıb. Apasport.az-ın məlumatına görə, klubun rəsmi saytı bu əlamətdar göstəriciyə biganə qalmayıb. Onlar klub tarixinin çempionatdakı ən uzun məğlubiyyətsiz seriyalarının siyahısını hazırlayıblar. Siyahıdan görünür kİ. Bakılıların rekordunu təkrarlamasına hələ 8 oyun var.

2004/05 - məğlubiyyətsiz 13 oyun. “İnter” 117 gün uduzmamışdı

Komandanın məğlubiyyətsizlik seriyası 2004/05 mövsümündə 2004-cü il noyabrın 21-də “Xəzər Lənkəran”la (1:0) keçirdiyi oyunda start götürmüş və 18 mart 2005-ci il tarixdə “Karat”la baş tutmuş matçda(2:3) başa çatmışdı. 13 qarşılaşmanı əhatə edən məğlubiyyətsizlik seriyası çərçivəsində “İnter” 9 matçda qalib gəlmiş, 4 oyundasa meydandan sülhlə ayrılmışdı.

2005/06 - məğlubiyyətsiz 12 oyun. “İnter” 127 gün uduzmamışdı

Komandanın məğlubiyyətsizlik seriyası 2005/06 mövsümündə 2005-ci il avqustun 12-də “Gəncə” ilə (2:2) keçirdiyi oyunda start götürmüş və dekabrın 17-də “Bakı” ilə baş tutmuş matçda başa çatmışdı. 12 qarşılaşmanı əhatə edən məğlubiyyətsizlik seriyası çərçivəsində “İnter”8 matçda qalib gəlmiş, 4 oyundasa meydandan sülhlə ayrılmışdı.

2007/08 və 2008/09- məğlubiyyətsiz 21 oyun. “İnter” 315 gün uduzmamışdı

Bu dəfə “İnter”in məğlubiyyətsizlik seriyası 2 mövsümü əhatə edir. Sözügedən seriya 2007/08 mövsümünün sonunda başlamış və 2008/09 mövsümünün ortalarınadək davam etmişdi. Bu proses 2008-ci il aprelin 19-da “Qarabağ” üzərində 1:0 hesablı qələbəylə başlamış və 2009-cu il fevralın 29-da “Bakı” ilə görüşdə 0:1 hesablı məğlubiyyətlə yekunlaşmışdı. Qeyd edək ki, “İnter” həmin mövsüm, demək olar ki, bir il - 315 gün uduzmamışdı. 21 matçı əhatə edən məğlubiyyətsizlik seriyası çərçivəsində “İnter”17 qarşılaşmada qalib gəlmiş, 4 oyundasa rəqiblərilə sülhlə bağlamışdı.

2008/09 və 2009/10- məğlubiyyətsiz 11 oyun. “İnter” 167 gün uduzmamışdı

Yenə də məğlubiyyətsizlik seriyası 2 mövsümü əhatə edir: 2008/09 mövsümün sonu və ilk oyunu 2009/10. Məğlubiyyətsizlik seriyası 2009-cu martın 9-da “Qəbələ” (0:1) ilə səfər oyunuyla başlamış və növbəti mövsümdə 2010-cu il avqustun 21-də “Xəzər Lənkəran”la keçirilən oyunda (0:1) sona çatmışdı. 11 oyundan 8-də “İnter” qalib gəlimiş, 3 oyundasa xalları bölmüşdü.

2009/10 - məğlubiyyətsiz 13 oyun. “İnter” 125 gün uduzmamışdı

Bakılıların məğlubiyyətsizlik seriyası 2009/10 mövsümündə 2009-cu il dekabrın 13-də “Olimpik”lə (1:0) qarşılaşmada start götürmüş və 2010-cu il aprelin 17-də “Neftçi”ilə (0:1) oyunda başa çatmışdı. Məğlubiyyətsizlik seriyası 7 qələbəni və 6 heç-heçəni əhatə edir.

2011/12 - məğlubiyyətsiz 13 oyun. Seriya indiyədək davam edir və minimum 98 gün təşkil edəcək

Komandanın məğlubiyyətsizlik seriyası 201/12 mövsümündə, noyabrın 10-da “Simurq” keçirilən oyunda başlamış və indiyədək davam edir. Bu oyunlarda “İnter” 7 dəfə qalib gəlmiş, 6 qarşılaşmadasa heç-heçəyə imza atmışdır.

Göründüyü kimi bu mövsüm “İnter” 13 oyundan ibarət məğlubiyyətsiz matç sayına görə ikinci rekord nəticəsini təzələyib. Komanda bu nəticəni dekabrın 17-də “Neftçi” ilə görüşdə yaxşılaşdıra bilər.