“Berti Foqts bizə dedi ki, pulu unudun”
14.12.2011 - 10:18
“Berti Foqts bizə dedi ki, pulu unudun”
“Etiraf edim ki, Berti Foqts diqqətimi cəlb etdi. O, bizimlə çox söhbətləşirdi və özü də heç nəyi gizlətməyərək, hər şeyi olduğu kimi deyirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının debütantı Şamil Qurbanov deyib. Yığmamızın ötən həftə Bakıda keçirdiyi seleksiya xarakterli təlim-məşq toplanışında iştirak edən Rusiyanın “Volqa” klubunun müdafiəçisi təəssüratlarını bölüşüb.

Millimizin baş məşqçisi Berti Foqtsla tanışlığından danışan Qurbanov məmnunluğunu ifadə edib: “Foqtsla daha çox ünsiyyət qurmaqdan şad olardım. Axı o, əla futbolçu olub və peşəkar məsləhətlər verə bilər. Ancaq hesab edirəm ki, ən əsas şeyi bizim hamımıza çatdıra bildi. Foqtsun əsas sözləri o oldu ki, işləmək lazımdır və futbolçu heç vaxt özündən razı ola bilməz. Gənclərə pulu unutmağı və məşq etməyi dedi. Axı harada - əvəzedicilərdə, yoxsa əsas komandada oynamağının fərqi yoxdur. Əsas oynamaqdır! Mən Foqtsun rəhbərliyi altında işləməkdən şad oldum”.

Şamilin sözlərinə görə, almaniyalı çalışdırıcımız onun klub karyerası ilə yaxından maraqlanıb: “Əlbəttə, Foqtsla tərcüməçi vasitəsilə danışırdım. Məşqçi oynadığım komanda ilə maraqlandı, mövqeyim haqda söhbətləşdik. Foqts mənə kiçik irad bildirdi ki, bunu klubumdakı baş məşqçi də dəfələrlə deyib. Müdafiəçi üçün ilk iş arxa xətt, sonra hücumdur. Foqts mənə gələcəklə bağlı çoxlu öyüd-nəsihət verdi. Mən işləməli, işləməli və yenə də işləməliyəm”.

Milliyətcə dağıstanlı olan, Rusiya vətəndaşlığını daşıyan 19 yaşlı futbolçunun sözlərinə görə, Foqts ümumilikdə oyunundan razı qalıb: “Hərçənd iradsız olmadı. Mən özümü daha yaxşı tərəfdən göstərə bilərdim. Sadəcə, hansısa dərəcədə yorğunluq yığıldı. Fiziki və mənəvi yorğunluq bəzi anlarda məni pis vəziyyətdə qoydu”.

Qeyd edək ki, Qurbanov bunadək 19 və 21 yaşlılardan ibarət yığmamızın heyətində yer alıb.