“Xoşbəxt rəqəmi” tutmaq üçün
14.12.2011 - 11:50
Sabah futzal üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə V qrupunun Bakıda keçiriləcək oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, 2012-ci ildə Tailandda baş tutacaq mundial sayca 7-ci dünya çempionatıdır. Tarixi ərzində heç vaxt final mərhələsində oynamayan Azərbaycan milli komandası “xoşbəxt rəqəm”dən yararlanmağa çalışacaq. 3-cü dəfə Asiyada təşkil olunacaq final mərhələsi ilk dəfə 24 komandanın iştirakı ilıə baş tutacaq. Əvvəlki 6 yarışa gəlin cə isə yalnız 2 komanda dünya çempionu adını qazanıb: Braziliya – 4, İspaniya – 2 dəfə. Bu 2 yığma mükafatçılar siyahısının da əbədi sakinlərdir. Cənubi amerikalılar bütün, yəni 6 çempionatda ilk “3-lükdə” yer alıb. İspaniyalılar isə yalnız ilk turnirdə uğursuzluğa düşar olublar. Millimizin seçmə mərhələdəki rəqiblərindən heç biri mundiallardan medalla qayıtmayıb. Xorvatiya və Makedoniya ilə müqayisədə Ukraynanın kiçik uğuru da var. Belə ki, qrup birinciliyi uğrunda əsas rəqibimiz 1996-cı ildə dünya 4-cüsü olub. Ukrayna bundan başqa daha 2 dəfə - 2004 və 2008-də də final mərhələsində çıxış edib. Xorvatiya isə 2000-cu ildə bunu bacarıb. Makedoniya isə bizimkilər kimi heç vaxt final mərhələsində oynamayıb.
N | il | Keçirildiyi ölkə | Final mərhələsində | çempion | II yer | III yer |
---|---|---|---|---|---|---|
1 | 1989 | Hollandiya | 16 | Braziliya | Hollandiya | ABŞ |
2 | 1992 | Honqkonq | 16 | Braziliya | ABŞ | İspaniya |
3 | 1996 | Ispaniya | 16 | Braziliya | İspaniya | Rusiya |
4 | 2000 | Qvatemala | 16 | İspaniya | Braziliya | Portuqaliya |
5 | 2004 | Tayvan | 16 | İspaniya | İtaliya | Braziliya |
6 | 2008 | Braziliya | 20 | Braziliya | İspaniya | İtaliya |
7 | 2012 | Tailand | 24 |
0
0