“Onlar “Kəpəz”i udmuşdular, həm də necə…”
15.12.2011 - 22:57
“Onlar “Kəpəz”i udmuşdular, həm də necə…”
“Sumqayıt Şəhər”lə qarşılaşma maraqlı keçdi. Biz həqiqətən də oyuna ciddi hazırlaşmışdıq. Çünki 2 oyun idi ki, qalib gələ bilmirdik. Əgər bu dəfə də qalib gələ bilməsəydik, həm turnir cədvəli, həm də digər məsələlər baxımından bizim üçün heç də yaxşı olmayacaqdı. Sevinirəm ki, qələbə qazanmağı bacardıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun futbolçusu Novruz Məmmədov deyib.

Debütantla oyunda əvəzlənmədən mübarizə aparan futbolçu etiraf edib ki, qələbə qazanmaq üçün əziyyət çəkiblər: “Qələbə üçün əziyyət çəkdik. Sözsüz ki, nəyəsə nail olmaq üçün əziyyət çəkmək vacibdir. Əziyyət çəkməsən bəhrəsini də görə bilməzsən. Rəqib həqiqətən də çox yaxşı komandadır. Onların nəyə qadir olduğunu görmək üçün ötən tura baxmaq lazımdır. Onlar “Kəpəz”i udmuşdular, həm də necə... Biz onları düzgün qiymətləndirdik. Əsas məsələ üç xal qazanmaq idi ki, bunu da bacardıq”.

Qeyd edək ki, “Bakı” öz meydançasında “Sumqayıt Şəhər”i 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.