Subaşiçlə Vobay “yuxudan” oyandılar
16.12.2011 - 18:05
Subaşiçlə Vobay “yuxudan” oyandılar
“Xəzər Lənkəran”ın II dövrədə ilk qələbəsini (4:1) qazandığı oyunda qollarının müəllifləri diqqəti çəkdi. Apasport.az saytının məlumatına görə, “Kəpəz”lə bugünkü səfər matçının 1-ci dəqiqəsində fərqlənməklə, cari mövsümdə ən erkən qollardan birinin müəllifi olan sloveniyalı hücumçu Deyan Rusiç həmin rəqiblə ilk dövrədəki oyunda da hesabı açmışdı. Sadəcə, onda lənkəranlıların 1:0 hesabı ilə qalib gəldiyini nəzərə alsaq, Rusiç ev matçında yeganə qolun müəllifi olmuşdu.

Cənub təmsilçisində 2-ci və 3-cü qolları vuran Branimir Subaşiçlə Julius Vobay isə 4 aylıq həsrətə son qoydular. Belə ki, onlar avqustdan bu yana Premyer Liqamızda qol vura bilmirdilər. Vobay I turda avqustun 6-da “Sumqayıt Şəhər”lə ev matçında (2:1) qələbə topunun müəllifi olmuşdu. Ancaq bundan sonra syerra-leoneli sağ cinah yarımmüdafiəçisi nizam-intizamında problemlərə görə əvəzedici komandaya göndərilərək, orada qollarını sıralayırdı.

Yığmamızın da üzvü olan milliləşdirilən seriyalı hücumçu Subaşiç isə “Xəzər Lənkəran”la debüt oyununda (3:1) dubl etməyi bacarmışdı. “Turan”la III turun avqustun 20-də keçirilən matç da Lənkəranda olmuşdu. Düzdür, Branimir lənkəranlıların “Kəpəz”lə oyunadək son qələbəsini qazandığı matçda da fərqlənmişdi. Ancaq bu, Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”la (3:0) ev oyunu idi.

Göründüyü kimi, Subaşiçin qol vurduğu matçlarda “Xəzər Lənkəran” ən azı 3 qol vurub və 2-də böyük hesabla qalib gəlib.

“Xəzər Lənkəran”ın sonuncu qolunu isə 90+1-ci dəqiqədə Zahid Quliyev vurub. Mövsümlərarası fasilədə transfer edilən 19 yaşlı müdafiəçi bununla da nəinki Lənkəran klubunda, ümumiyyətlə, milli çempionatımızda qol hesabını açdı.

Mehman SÜLEYMANOV