Əfsanəvi məşqçinin Bakıya gəlişi Yeni ilə qaldı
17.12.2011 - 00:14
Əfsanəvi məşqçinin Bakıya gəlişi Yeni ilə qaldı
“Bakı” klubunun rəhbərliyi növbəti səfərə hazırlaşır. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” İtaliyaya yollanırlar.

Rəhbərlik “Macron” şirkəti ilə əməkdaşlığını bir daha müzakirə etməklə yanaşı, eyni zamanda, İtaliya klublarının düşərgəsinə də baş çəkəcək.

Bir müddət öncə “Bakı” klubunun futbol akademiyasına məsləhətçi təyin olunacağı gözlənilən italiyalı əfsanəvi məşqçi Ariqo Sakki ilə də görüş baş tutacaq. Tərəflər növbəti müzakirəni gələn ilin yanvar ayında həyata keçirəcəklər. Məhz bu görüşdən sonra məşhur mütəxəssisin Azərbaycana təşrif buyuracağı tarix müəyyənləşəcək.

Qeyd edək ki, vaxtilə İtaliya millisinə, eləcə də, bu ölkənin aparıcı klublarından “Milan”, “Parma”, “Fiorentina”ya rəhbərlik etmiş Sakki hazırda İtaliya Futbol Federasiyasında çalışır. O, dünyanın 50 əfsanəvi məşqçisindən biridir.