75-ci səfər qolu, Sokolovun qayıdışı
17.12.2011 - 11:35
75-ci səfər qolu, Sokolovun qayıdışı
Premyer Liqanın XVII turunda “Turan”a qalib gələn “Qəbələ” uğurlu ənənələrini davam etdirdi. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ardıcıl 8-ci dəfədir Tovuz təmsilçisini məğlub edən komanda səfərdə 4-cü dəfə qələbəni sıraladı. Son 5 səfər matçında isə qəbələlilər qol da buraxmır.

Bu dəfəki qələbə həm də baş məşqçi Fatih Kavlak üçün əlamətdar oldu. Türkiyəli mütəxəssis komandanın “sükanı arxasında” ilk səfər qələbəsini qazandı. Bunadək yeganə səfər matçını “Bakı”ya qarşı keçirən Kavlakın yetirmələri 1:2 hesabı ilə məğlub olmuşdular. İkinci səfərdə isə ilk qələbə əldə olundu.

Şəmkirdə ilk oyununu keçirən “Qəbələ” “siftə”ni quru qələbə ilə əldə etdi. Qələbə qolu isə komandanın Premyer Liqadakı səfər oyunlarındakı 75-ci yubiley qolu oldu. Onlar səfərdəki ilk qolunu 2006/07 mövsümündə vurmuşdu. 2006-cı il avqustun 11-də “MKT-Araz”a 1:4 hesabı ilə uduzan “Qəbələ”nin yeganə qoluna Vüsal Qarayev imza atmışdı.

Premyer Liqadakı səfər qolları
2006/07 – 11 qol (12 oyun)
2007/08 – 15 (13)
2008/09 – 12 (13)
2009/10 – 16 (16)
2010/11 – 14 (16)
2011/12 - 7 (8)
Cəmi – 75 (78)

“Turan”la qarşılaşmada “Qəbələ”nin daha bir futbolçu mövsümdə ilk oyununu keçirib. Bu, komandada 3-cü mövsümünü keçirən Sergey Sokolovdur. Sonuncu dəfə ötən mövsümün təsnifat mərhələsində meydana çıxan müdafiəçi bu il fevralın 13-də “Qarabağ”la qarşılaşmanın iştirakçısı olmuşdu. 305 gündən sonra meydana çıxan Sokolov həmin vaxt 0:3 hesabı ilə uduzulan matçda 90 dəqiqə əvəzlənmədən meydanda olub sarı vərəqə almışdısa, bu dəfə uzatma dəqiqəsində meydana daxil oldu.
0