Mirbağır İsayev: Birinci növbədə komandanı təmizləmək istəyirik
18.12.2011 - 14:15
Mirbağır İsayev: Birinci növbədə komandanı təmizləmək istəyirik
“Kəpəz”in baş məşqçisi Mirbağır İsayevin apasport.az saytına müsahibəsi

- Sizin gəlişinizdən sonra komandanın cızdığı trayektoriya barədə nə deyə bilərsiniz? Komandanın oyunu, qazandığı nəticələr qaneedicidirmi?
- Komanda son iki oyunda uduzur. İki oyunda dalbadal məğlub olmaq olmaz. Əgər komanda bir məğlubiyyətdən sonra vəziyyətdən çıxa bilmirsə, ikinci məğlubiyyətdə eyni hesablı olursa, bu komandadan razı qala bilmərəm.

- Problemin kökü hardadır? Eyni zamanda, bunun qarşısını almaq üçün hansı işlər görmək lazımdır?
- Əslində burada böyük bir problem yoxdur. İnşallah, ayın 21-də növbəti oyunumuz olacaq. Həmin oyundan sonra kimin gedib, kimin qalacağı müəyyənləşəcək. Komandada köklü bir şəkildə dəyişiklik olmalıdır.

- Bizdə olan məlumata görə, komandanın 70 faizi gedəcək...
- Kimsə oynamırsa, biz onu komandada saxlaya bilmərik. Oynamayan futbolçunu heyətdən çıxarmaqdan çəkinirik, qorxuruq? Mən bunu başa düşə bilmirəm. Mən işimdən imtina edərəm, amma iş prinsipimdən yox. Futbola öz baxış tərzim var və bu yolla gedəcəyəm.

- İlkin işiniz nə olacaq?
- Təmizləmək. Birinci növbədə komandanı təmizləmək, heyəti qurmaq, daha sonra nəticələr haqqında danışmaq istəyirik. Bu gün burdayamsa, nə qədər burda olacağamsa, mütləq komandanı düzəltmək lazımdır. Düzəltmək üçün isə ilk növbədə təmizləmək vacibdir.

- Bu məsələ ilə bağlı rəhbərliklə görüşünüz olubmu. Yəni heyəti yenidən qurmaq üçün rəhbərlik sizə lazımı şəraiti yaradacaqmı?
- Xanlar Fətiyevə təşəkkür edirəm. Dünən Xanlar müəllimlə görüşümüz olub. Xanlar müəllimə bildirdim ki, bu heyətdə mütləq dəyişikliklər olmalıdır. Cavabından çox məmnun qaldım. Dedi ki, nə məsləhət bilirsiniz, onu da edin. Bildirdi ki, mənə komanda yaratmaq lazımdır. Hazırda nəticə vermək barədə yox, gələcəyin komandasını qurmaq yönündə düşünürük.

- Konkret olaraq, siz komandanın hansı xəttindən narazısınız?
- Əlbəttə ki, bilirəm nə var nə yox. Amma indiki vəziyyətdə konkret mövqe göstərmək, konkret ad çəkmək istəmirəm. İnşallah, dekabrın 21-də hər şeyi açıqlayacağam.

- Belə başa düşdük ki, siz hazırlığa tam yeni heyətlə başlayacaqsınız...
- Mən vaxt itirməyəcəyəm. Təlim-məşq toplanışına qədər yeni komanda formalaşmalıdır.

- Yəqin ki, indidən axtarışlarınıza başlamısınız?
- Bəli-bəli. Axtarışlar gedir. Yaxın gələcəkdə isə danışıqlara da başlayacağıq. İşləri nə dərəcədə həyata keçirəcəyimizi isə zaman göstərəcək. Məşqçiyə nə lazımdır? Mənə yaxşı futbolçular gərəkdir. Məşqçilər korpusu, eləcə də rəhbərliklə əl-ələ verib, həmin futbolçuları kollektivə cəlb edəcəyik. İndidən bir şeyi deyə bilərəm. Əgər “Kəpəz”in heyətinə 10 yeni futbolçu qatılacaqsa, onlardan 9-u azərbaycanlı olacaq.

- Bundan öncə gənclərlə daha çox işləmisiniz. Bu mənada, gənclərə daha çox üstünlük verəcəyinizi demək olarmı?
- Bəli. Tamamilə doğrudur.

- Böyükağa Hacıyev tərəfindən “Neftçi” klubunun heyətindən uzaqlaşdırılan Elmar Baxşıyevin “Kəpəz”də oynayacağı ilə bağlı söz-söhbətlər yayılıb. Bu barədə nə deyə bilərsiniz?
- Mənim Elmara bir futbolçu və bir insan kimi hörmət edirəm. Amma aramızda heç bir telefon əlaqəsi olmayıb. Bu haqda danışıqlar getməyib.

- Hər halda, bu söhbət kifayət qədər real məsələ kimi qələmə verilir...
- Mən məsələ ilə bağlı Elmar Baxşıyevi narahat etməmişəm.

- Danışığınızdan belə hiss olunur ki, futbolçulardan, komandadan narazısınız. Maraqlıdır, komandada hansısa qruplaşmanın olduğundan narahat deyilsiniz ki?
- Qruplaşma nə bilim nə bunlar mənə ögey olan bir şeylərdir. Məni maraqlandıran onların futbol fəlsəfəsi, futbol biliyi və futbol bacarığıdır. Əgər bu gün o adamlar futbol oynaya bilmirsə, bizim istədiyimizi həyata keçirə bilmirsə, onunla məsələni sırf idman müstəvisində həll edəcəyik. Mənim heç kimlə qərəzliyim yoxdur. Futbolu bacararaq, oynamaq lazımdır. Bunun üçün isə məşqlərdə can qoymaq vacibdir.

- “Kəpəz” orta yaş həddi çoxdur. Gənclərlə işlədiyinizi nəzərə alsaq, yaşları çox olanların getmək ehtimalının daha yüksək olduğunu deyə bilərikmi?
- Mən həmişə olduğu kimi, yenə də gənclərə üstünlük verəcəyəm. Onu deyə bilərəm ki, əvəzedici heyətdən də gələnlər olacaq. Nicat Məmmədovdan başqa, 3 nəfər də istedadlı oyunçumuz var. Onlar təlim-məşq toplanışında bizimlə olacaqlar. İnanıram ki, həmin toplanışların sayəsində bərkiyəcəklər.

- Toplanışın proqramı artıq hazırdırmı?
- Biz ilk növbədə komandadan gedəcək və gələcək oyunçular haqqında söhbət etmişik. Xanlar müəllimin ən çox xoşuma gələn, ən ürəyimi açan cümləsi o oldu ki, Miri müəllim mənə gələcəyin komandasını yarat.

- Maraqlıdır, sərəncamınızda görmək istəmədiyiniz futbolçuların siyahısını Xanlar Fətiyevə təqdim etdinizmi?
- Hələ verməmişəm. Ayın 21-dən sonra veriləcək.