“İnter”in xilaskarı, “Neftçi” “Bakı”nın antirekorduna doğru
18.12.2011 - 18:00
“İnter”in xilaskarı, “Neftçi” “Bakı”nın antirekorduna doğru
Premyer Liqanın XVII turu daha bir vurulmayan penalti ilə əlamətdar oldu. Turun mərkəzi qarşılaşmasında “Neftçi”nin əsas qol silahı Bahodir Nasimov “İnter”in qapıçısı Georgi Lomaya ilə dueldən məğlub ayrıldı. Apasport.az saytının məlumatına görə, çempionatın ən yaxşı bombardiri olan özbəkistanlı hücumçu cari mövsümdə vurulmayan 10-cu penaltinin müəllifi oldu. Belə ki, bu matçadək 9 dəfə qapıçılar dueldə sevinən tərəf olmuşdu.

Vurulmayan penaltilərə baxsaq “Neftçi” artıq 3-cü dəfədir 11 metrlikdən qol vura bilmir. Bahodirədək Flavinyo və Fərid Quliyev də qapıçılar qarşısında aciz qalmışdı. Deyəsən Böyükağa Hacıyev indi də yetirmələrinə penalti vurmağı öyrətməlidir. Yoxsa ki, özünü flaqman sayan bakılılar mövsümün antirekordunu təkrarlayacaq. Antirekord isə mövsümün startında ardıcıl 4 penaltini heçə çevirən “Bakı”ya məxsusdur – 4 dəfə.

Vurulmayan penaltilər
1. “Bakı” – 4 dəfə (Denis İvanov, Aleksandar Şoliç, Nurlan Novruzov, Xavyer Junior)
2. “Neftçi” – 3 dəfə (Flavinyo, Fərid Quliyev Bahodir Nasimov)
3. “Rəvan” – 2 dəfə (Miloş Zeçeviç, Con Pelu)
4. “Qarabağ” – 1 dəfə (Georgi Adamiya)

“İnter”in qolkiperi isə artıq mövsümün rekordçusudur. Lomaya çempionatda 3-cü dəfə rəqib penaltisinin qol olmamağına sevindi. Bunadək o, Aleksandar Şoliç və Con Pelu ilə duellərdə də qalib gəlmişdi. Növbəti dəfə komandasını xilas edən gürcüstanlı bu göstəricidə hamıdan öndədir. Düzdür, “Qəbələ”nin qapıçıları ümumilikdə 4 dəfə penaltidən qalib ayrılıb. Bunların ikisi Pavel Doroşev, ikisi də icarə əsasında “Turan”da oynayan Anar Nəzirovun hesabındadır.

Buraxılmayan penaltilər
1. Georgi Lomaya (İnter) - 3
2-3. Anar Nəzirov (Turan) - 2
Pavel Doroşev (Qəbələ) - 2
4-6. Adnan Hodziç (Simurq) – 1
Andrey Popoviç (Sumqayıt Şəhər) – 1
Konstantin Kolesnikov (Kəpəz) – 1
0