“Xəzər Lənkəran”ın yeni baş məşqçisi fevralda işə başlayacaq
22.12.2011 - 17:56
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi fevralda işə başlayacaq
“Xəzər Lənkəran”ın əvəzedici komandasının baş məşqçisi məsələsinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu postda türkiyəli İlhan Akgülün adı göstərilsə də, komandanı oyunlara Siyasət Əliyev çıxarır. Bunadək isə 2 türkiyəli çalışdırıcı – Erhan Kılıcla Cüneyt Biçər həmin komandada iş başında olub.

“Xəzər Lənkəran”a bu yay uşaq futboluna koordinator kimi gələn, bütün aşağı yaş qruplara rəhbərlik edən Biçər dekabrın əvvəlində Mirça Rednikin istefaya göndərilməsindən sonra əsas komandanın “sükanı arxası”na keçib.

Biçər saytımıza açıqlamasında həmyerlisi Akgülün “texniki zona”da yer almamağının səbəbini açıqlayıb: “O, hazırda da əvəzedici komandanın baş məşqçisidir. Akgül “Xəzər Lənkəran”ın 1995-97-ci il təvəllüdlülərinə rəhbərlik edirdi. Sadəcə, lisenziyası olmadığı üçün “texniki zona”da yer almırdı və bu üzdən son 4 oyunda protokolda Siyasət Əliyevin adı göstərilib. Bildiyiniz kimi, mövsümün əvvəlində əvəzedici heyətimizin baş məşqçisi Erhan Kılıc idi. O, ayrılandan sonra 2 oyuna komandanı mən çıxardım. Artıq Akgülün lisenziya məsələsi həll olunub və bunu aldığından, yeni ildən oyunlara baş məşqçi kimi çıxaraq, adı protokolda göstəriləcək”.

Kılıc Biçər kimi “Xəzər Lənkəran”a bu yay gəlib. Onun hesabında 12 oyun oldu. Kılıc 11-ci turda cəza üzündən kənarda qaldı, qayıtdığı matç isə sonuncu oldu.

Qeyd edək ki, 41 yaşlı Akgül futbolçu karyerası ərzində Türkiyə Superliqasında 38, Bank Asiya I divizionda 15 oyun keçirib. O, ölkəmizdə baş məşqçi kimi rəsmən gələn ilin fevralın 11-də “Turan”la səfər oyununda debüt edəcək.

Mehman SÜLEYMANOV