Vaqif Əliyev: Elə xoşagəlməz hərəkəti uşaqlar yox, ağsaqqallar edir
23.12.2011 - 15:53
Vaqif Əliyev: Elə xoşagəlməz hərəkəti uşaqlar yox, ağsaqqallar edir
“AFFA-nın İntizam Komitəsinin çıxardığı qərarda yalnız futbolçumuz İlkin Qırtımova verilən cəza ilə razı deyilik. Bununla əlaqədar AFFA-nın Apelyasiya Komitəsinə rəsmi müraciət edəcəyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun icraçı-direktoru Vaqif Əliyev deyib.

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında Zaqatala təmsilçisi “İnter”lə oyunda baş verən insidentlərə görə ağır cəzaya məruz qalıb. 11 min manat cərimələn komanda qarşıdakı 2 ev oyununu azarkeşlərsiz keçirməli olacaq.

Əliyev müdafiəçiləri İlkin Qırtmovun 2 oyunluq cəzalandırılmağını və kluba kəsilən 2000 manat cəriməni düzgün saymır: “Bu qərarla razı deyilik. Çünki həmin epizodda qırmızı vərəqədən söhbət gedə bilməzdi. Orada uzağı sarı vərəqə göstərmək olardı. Baş məşqçimiz Sergey Yuran 1 oyunluq cəza və 1000 manatlıq cəriməyə məruz qalıb. Çalışdırıcı “texniki zona”dan kənara çıxdığı üçün meydandan kənarlaşdırıldı və onun cəzası ilə razıyıq. Azarkeşlərin hərəkətinə görə 8000 manat cəriməni də ədalətli sayıram. Çünki tribunadan baş hakimə alışqan atılmışdı və nəticədə başı zədələndi. Sadəcə, qarşıdakı 2 ev oyununu azarkeşlərsiz keçirmək qərarı verilməsəydi, daha yaxşı olardı. Hər halda, “Simurq”un region komandası olmağı, oyununa çoxlu azarkeşlərin gəldiyini nəzərə almaq lazımdır. Ancaq qərar verilibsə, yerinə yetirəcəyik. Narazılığımız yalnız İlkinə verilən cəza ilə bağlıdır ki, ona görə şikayət edəcəyik”.

Qərarda göstərilib ki, oxşar hadisənin baş verəcəyi təqdirdə Zaqatala klubuna qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək. İcraçı-direktor gələcəkdə təhlükəsizlik tədbirlərinə daha çox diqqət yetirəcəklərini bildirib: “Çalışacağıq ki, bundan sonra belə hallar baş verməsin. Ancaq oyunlarımıza 2-3 min azarkeş gəlir. Hər azarkeşin yanına 1 polis qoya bilmərik axı. Hər ev oyunumuzda yetərincə, 60-70 polis olur. Ancaq hər şey ilk növbədə insanın özündən asılıdır. Sizi inandırım ki, elə hərəkəti edənlər uşaqlar yox, orta nəslin nümayəndələri, ağsaqqallardır. Belə ağsaqqala nə deyəsən? O, gənclərə öyüd-nəsihət vermək əvəzinə xoşagəlməz hərəkət edir”.

Hakimlər Komitəsi oyunun hakimlər briqadası haqqında lazımı ölçü götürüb, İntizam Komitəsinə yazılı məlumat verməlidir. Əliyev baş hakim Elvin Əsgərovun cəzalandırılacağını gözləyir: “Biz də oyundan sonra protokolda hakimliklə bağlı narazılığıma göstərdik. Demək olmaz ki, hakim birtərəfli idarəçilik etdi. Adamın üstündə Allah var. Qapımıza təyin edilən penalti ilə razıyıq. Ancaq 2-3 epizodda baş hakimin səhvləri oldu. İlk hissədə latviyalı futbolçumuz Andrey Rubinə qarşı qayda pozuntusu olduğu halda, penalti verilmədi. İlkinə göstərdiyi qırmızı vərəqə düzgün deyildi. Bunlar yığılıb, sonda belə nəticələrə, ajiotaja gətirib çıxardı. Baş məşqçimiz hakimin qərarlarına dözməyərək, aqressiv hərəkət idi. Azarkeşlər də hakimə əşya atdı”.

Qeyd edək ki, “Simurq”un azarkeşlərsiz keçirəcəyi 2 ev oyunu təsnifat mərhələsində ardıcıl 2 tur - gələn ilin fevralın 16-da “Qəbələ”, 20-də “Bakı” ilə matçlar olacaq.

Mehman SÜLEYMANOV
0