“Tək qalmaq üçün xaricə getməyi düşünürəm” - MÜSAHİBƏ
27.12.2011 - 00:03
“Tək qalmaq üçün xaricə getməyi düşünürəm” - MÜSAHİBƏ
“Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun apasport.az saytına müsahibəsi

- Premyer Liqada qış fasiləsi yarandığından, artıq komandalar istirahətə yollanıblar. Başa çatmaqda olan 2011-ci ili necə qiymətləndirirsiniz?
- Ötən mövsüm avrokuboklara vəsiqə qazanıb, ölkəmizi Avropa Liqasında təmsil etdik. Bacardığımız qədər irəliləməyə çalışdıq. Cari mövsümə gəlincə, Premyer Liqaya pis başlamadıq. Ardıcıl 2 qələbədən sonra doğma meydanda “Qəbələ”yə uduzduq. Hazırda 29 xalla 4-cü pillədəyik. Demək olar ilk “altılığ”a vəsiqəni təmin etmişik. Fasilədən sonra bizi çətin oyunlar gözləyir. Əgər zədəli futbolçularımız olmasaydı, daha uğurlu çıxış edərdik. Ümumi götürsək, zədəlilərin də heyətə qayıtması ilə komandamız yavaş-yavaş öz oyununu tapır. Özümə gəlincə, zədədən sonra yavaş-yavaş formamı bərpa edirəm. Təlim-məşq toplanışı zamanı üzərimdə daha çox çalışacağam. İlk “altılıq”da uğurlu çıxış edib, yenidən Avropa arenasında mübarizə aparmaq istəyirik. Əlbəttə, əsas məqsədimiz çempion olmaqdır.

- Dincəlmək üçün harasa üz tutacaqsınızmı?
- Təqvimin sıx olması ilə əlaqədar çoxdandır qohum-əqrəbanı ziyarət etmirdim. Fürsətdən istifadə edib, həm atamın, həm də anamın dünyaya gəldiyi rayonlara getdim, qohumlara baş çəkdim. Dostlarımın dəvəti ilə müxtəlif rayonlarda oldum.

- Ölkə xaricində dincəlməyi düşünmürsünüz?
- Sözün açığı, Yeni ili qeyd etməyin marağında deyiləm. Ancaq bir qədər tək qalmaq üçün ölkə xaricinə getməyi düşünürəm.

- Uzun müddət zədədən əziyyət çəkdiniz...
- Bəli, heç kim zədədən sığortalanmayıb. Zədələndikdən sonra təxminən 7 aya yaxın futbol oynaya bilmədim. Yaxşı ki, ciddi heç nə olmadı. Belə zədədən sonra adətən futbol oynamaq olmur. Gec də olsa, zədəmi bərpa edib, yenidən yaşıl meydanlara qayıtdım. Məqsədim ilk “altılıq”da komandama kömək edib, avrokuboklara vəsiqə qazanmasında pay sahibi olmaqdır. Yəqin ki, o vaxtadək formamı tam bərpa edərəm.

- Tez-tez zədələnməyiniz nə ilə bağlıdır?
- Yorğunluqla. Çünki avrokubok oyunları öncəsi çox yüklənmişdim. Bu da nəticədə öz mənfi təsirini göstərdi. Bu, mütləq olmalı idi. İstirahət etmədən belə yüklənmənin olması nəticədə zədələnməyə səbəb olur. Xeyli vaxt futboldan uzaq qalmağım oyunuma da mənfi mənada təsir göstərdi.

- “Qarabağ” mövsümə qələbələrlə start versə də, sonrada qeyri-sabit çıxış etməyə başladı. Bunu nə ilə əlaqələndirirsiniz?
- Bunu tez-tez bizə baş məşqçimiz Qurban Qurbanov da deyir. Komandada həqiqətən stabillik yoxdur. Artıq bu heyət neçə ildir birlikdə çıxış edir. Avrokubok oyunları ilə əlaqədar yorğunluq olur. Eyni zamanda, futbolçuların zədələnməsi “Qarabağ”ın çıxışına mənfi təsir göstərdi. Ehtiyatda futbolçuların az olmasının da təsiri var.

- Qeyd etdiniz ki, “Qarabağ”ın əsas məqsədi çempion olmaqdır. Ancaq indiyədək əldə etdiyiniz nəticələr onu deməyə əsas verir ki, komandanız buna tam hazır deyil...
- Futbolda hər şey olur. İndidən nəsə demək düz çıxmaz. Düzdür, yeganə mənfi cəhətimiz qeyri-sabit oyun nümayiş etdirməyimizdir. Bunun da əsas səbəblərini sadaladım. Artıq yorğunluq barədə şikayət edə bilmərik. Çünki istirahətdən sonra hər bir komanda kimi, biz də təlim-məşq toplanışı keçəcəyik. Digər məsələlər isə çempionatın gedişində özünü büruzə verəcək. Məsələn, zədəlilərin az olması, heyətə yeni oyunçuların dəvət olması və s. Ehtiyat oyunçular skamyasının genişlənməsi komandada rəqabəti də artıracaq. Həm də hər hansı bir futbolçumuz zədələnəndə onu layiqincə əvəzləyəcək. İnanıram ki, qış transfer dövründə bu istiqamətdə addımlar atılacaq. Şübhəsiz, bu da qarşıdakı 14 oyunda 7 xallıq fərqi aradan qaldırmağımıza müsbət mənada təsir göstərəcək.

- Belə çıxır ki, yeni futbolçular transfer olunacaq?
- Bəli, Qurban müəllim deyib ki, əgər bizə layiq futbolçu olarsa, mütləq transfer edərik.

- Artıq milli komandamızın DÇ-2014-ün seçmə mərhələsindəki rəqibləri məlumdur. Qrupumuzu necə dəyərləndirirsiniz?
- Ötən seçmə mərhələdə milli komandamız baş məşqçi Berti Foqtsun rəhbərliyi altında 7 xal topladı. Növbəti seçmə mərhələdə hədəfimiz daha çox xal toplamaqdır. Artıq komandamız öz oyununu tapmağa çalışır. Doğma meydanda daha inamlı çıxış edirik. Hər komanda bizimlə səfərdə oynamağa çəkinir.

- Evdə hansı komandaları məğlub etmək olar?
- İnanıram ki, Lüksemburqu evdə və səfərdə məğlub etmək olar. Ümumi götürsək, bu seçmə mərhələdə minimum 12-14 xal qazana bilərik.
0