Hafiz Məmmədov “Bakı”nın gələcəyindən danışdı
04.01.2012 - 22:03
Hafiz Məmmədov “Bakı”nın gələcəyindən danışdı
“Bilirsiniz ki, Azərbaycan çempionatında "Bakı" futbol klubu ilə bərabər voleybol komandamız da fəaliyyət göstərir. Artıq klubumuzun yeni mərhələyə yüksəlməsi barədə qərar verilib. "Bakı" idman klubuna çevrilir. Futbol və voleybolla yanaşı, klubumuzda digər idman növləri üzrə bölmələr də yer alacaq”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.

Yaxın zamanlarda "Bakı" futbol klubunun təlim-məşq bazasının ərazisi genişlənəcək və yeni idman qurğuları və meydanların salınmasına başlanılacaq. Təbii örtüklü 4 futbol meydanı ilə yanaşı standardlara cavab verən daha bir qapalı idman kompleksi inşa olunacaq. Bu arenada voleybolla yanaşı, digər idman növləri, o cümlədən, basketbol, futzal, digər oyun növləri və s. yarışlar keçiriləcək.

Məmmədov bildirib ki, dövlət başçısı cənab İlham Əliyev digər sahələrə olduğu kimi idmana da xüsusi diqqət yetirir: “Biz idman klubları da, əlbəttə ki, bu siyasətin davamı olmalıyıq. Dövlət başçısının bütün sahələrlə bərabər humanitar və iqtisadi sahələrdə apardığı ardıcıl və uğurlu inkişaf siyasəti bizi daha da ruhlandırır. Səmimi deyim ki, bir çox dünya ölkələri Azərbaycanın sürətli inkişafına həsəd aparırlar".