“Bakı”nın Türkiyədə son 2 rəqibi müəyyənləşdi
05.01.2012 - 10:08
“Bakı”nın Türkiyədə son 2 rəqibi müəyyənləşdi
Qış istirahətini başa vurmaqda olan "Bakı" hazırlığa bu gün start verəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “zolaqlılar” paytaxtda öz bazasında bir araya gələcək və yanvarın 9-da Antalyaya yollananadək burada məşq edəcək. Türkiyədəki ilk təlim-məşq toplanışını yanvarın 9-dan 20-dək “Voyaj” otelində keçirəcək "Bakı"nın bu müddətdə keçirəcəyi 2 yoxlama oyununda (yanvarın 14-ü və 19-u) rəqiblə bağlı bir neçə təklif olsa da, hələ tam təsdiqlənməyib. Əvəzində komandanın son 2 yoxlama oyununda kiminlə görüşəcəyi artıq müəyyənləşib. Belə ki, “zolaqlılar” fevralın 1-də Belarusun “Dinamo” (Minsk), 4-də Slovakiyanın yüksək liqa təmsilçisi, vaxtilə Çempionlar Liqasının qrup mərhələsində iştirak edən “Koşitse” ilə oynayacaq.

Qeyd edək ki, “Bakı” yanvarın 20-də Vətənə qayıtdıqdan sonra 3 gün hazırlığını öz təlim-məşq bazasında davam etdirəcək. Yanvarın 23-də yenidən Türkiyəyə üz tutacaq komanda fevralın 5-dək Antalyanın “Maks Royal” otelində məskunlaşacaq. Bu mərhələdə 4 yoxlama oyunu keçirilməyi nəzərdə tutulub və ilk 2 matç yanvarın 26-sı və 29-a nəzərdə tutulub.