“3-4 gün Maldivdə qaldıqdan sonra...”
05.01.2012 - 14:30
“3-4 gün Maldivdə qaldıqdan sonra...”
“Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyevin apasport.az saytına müsahibəsi

- Bildiyimiz qədəri ilə Yeni ili ölkə xaricində keçirdiniz...
- Bəli. Dincəlmək üçün ailəmlə Maldiv adalarına getmişdik.

- Bayramı necə qeyd etdiniz? Oradan Azərbaycan necə görünürdü?
- 3-4 gün Maldiv adalarında qaldıqdan sonra Dubaya yollandıq. Yeni ili də Dubayda qarşıladıq. Bir müddət qalıb, geri döndük.

- Bayramda Dubayla Bakı arasında böyük fərq olur?
- Gün ərzində ailəmlə gəzib, dolaşırdıq. Sırf bayrama gəldikdə, bayram orda daha maraqlı keçir. Müxtəlif şoular təşkil etməklə, insanların diqqətini cəlb edirlər.

- Yeni illə bağlı hansı arzularınızın həyata keçməsini dilədiniz?
- İlk növbədə insanlara can sağlığı arzulayıram. Çünki can sağlığı olmasa, nəsə etmək mümkün deyil.

- Bəs 2011-ci il necə yadda qaldı: Hansı problemlərin yeni ilə keçməsini istəməzdiniz?
- Fikrimcə, 2011-ci il yaxşı keçdi. Kədərli günlərimiz olmadı. Hər şey əladır. İstərdim ki, yeni ildə uşaqlar özlərini daha da yaxşı tərəfdən göstərsinlər.

- Az oynamağınızı uğursuzluq saymırsınız?
- Karyera baxımından arxada qalan il heç də yaxşı olmadı. Oyunlarda çox az çıxış etdim. Özümə daha çox oynamağı, meydana tez-tez çıxmağı arzulayıram. Hər bir qapıçı üçün oynamaq vacibdir. Belə götürəndə, heç bir problemim yoxdur.

- Ölkədə olmadığınız müddətdə adınız müxtəlif klublarla yanaşı hallandırıldı. Konkret olaraq, “Kəpəz”dən təklif almışdınızmı?
- Bəli, almışdım. Yığmanın sabiq məşqçisi Faiq Əzizov Gəncədə qapıçılarla işləyən məşqçi çalışırdı. Zəng vurub, “Kəpəz”də işlədiyini və məni komandada görmək istədiklərini dedi. Mən də klubumla danışıb, götür-qoy etdikdən sonra cavab verəcəyimi demişdim. Faiq müəllimlə yığmada uzun müddət bir yerdə işləmişik. İstirahətdən döndükdən sonra isə məlum oldu ki, maliyyə problemləri üzündən “Kəpəz” fəaliyyətini dayandırıb.

- “Simurq”dan da dəvət aldığınız deyilirdi...
- Doğru deyil. Yalnız “Kəpəz”dən mənimlə maraqlanan olmuşdu. “Simurq”dan heç kim zəng vurmayıb. Bu xəbəri kimi yaydığını deyə bilmərəm.

- Hazırda hansısa kluba keçmək ehtimalınız varmı?
- Ciddi dəyişiklik yoxdur. Klub rəhbərliyi ilə danışığımız olub. Müqaviləmin sonuna qədər “Qarabağ”da qalacam. Gələcəkdə də ilk növbədə “Qarabağ”la danışacam. Alınmasa, başqa kluba keçəcəm.

- Qapıçı üçün vacib məqamlardan biri də daim əsas heyətdə oynamasıdır. Fakt odur ki, baş məşqçi Qurban Qurbanov bu gün Boyan Pavloviçə güvənir. Belə olan təqdirdə, oynaya biləcəyiniz klublardan birinə keçməyiniz doğru olmazdımı?
- Əlbəttə, oynamaq vacibdir. Təklif gəlsə, danışmaq olar. Həm də gərək şərait və şərtlər uyğun gəlsin. İddialı klubda oynamaq istəyirəm.

- “Qarabağ”ın çıxışı ilə bağlı nə deyə bilərsiniz? Çempionluq uğrunda mübarizədə hələlik ümidləri doğrulda bilmirsiniz...
- Arxada qalan mövsümlərə diqqət yetirsək, enişli-yoxuşlu oyunların olduğunu görərik. 2011-ci il “Qarabağ” üçün heç də yaxşı keçmədi. Avrokuboklarda yaxşı çıxış etməyimizə baxmayaraq, daxili çempionatda işlər istədiyimiz kimi getmir. Turnir cədvəlində daha yuxarı yerlərdən birində qərarlaşmalı idik. Fasilədən sonra aradakı xal fərqini aradan qaldırıb, məqsədimizə nail olacağımıza inanıram. Bu ilə həm çempionatda, həm də kubokda iddialıyıq.