“Simurq” daha 1 futbolçudan imtina etdi
05.01.2012 - 16:22
“Simurq” daha 1 futbolçudan imtina etdi
“Simurq” daha bir futbolçudan imtina edib. Bu barədə apasport.az saytına komandanın icraçı-direktoru Vaqif Əliyev məlumat verib.

Aleksandr Şemonayevin artıq “sarı-qaralar”ın futbolçusu olmadığını deyən Əliyevin sözlərinə görə, dəyişiklik təkcə futbolçularla bağlı deyil. Təxminən il yarımdır “Simurq”da qapıçılarla işləyən məşqçi kimi çalışan Nizami Sadıqov da öz istəyi ilə komandadan ayrılıb. Əyalət təmsilçisi onun boşluğunu doldurmaq üçün elə də əziyyət çəkməyib. Artıq Yuranın qapıçılarla işləyən köməkçisi Emil Balayev olacaq. Vaxtilə U-17 yığmada da çalışan Balayevin sonuncu iş yeri “Rəvan” olub.

Onu da qeyd edək ki, fasilə zamanı Yevgeni Şmakov, Kristaps Qlebis, Elçin Xəlilov, Samir Quliyev, Adnan Hodziç, Anar Həsənli ilə də yollarını ayıran “sarı-qaralar” hələlik 2 futbolçu ilə anlaşıb.

“Bakı”dan ayrılan Emin Cəfərquliyevlə münasibətlərini rəsmiləşdirən “Simurq” “Neftçi”dən Nicat Qurbanovu da icarəyə götürüb. Adnan Hodziçlə yollarını ayıran əyalət klubu qapıçı problemini “İnter”də heyətə düşə bilməyən Dmitri Kramarenko ilə doldurmaq niyyətindədir. Yığmamızın sabiq qapıçısı ilə danışıqlar yekunlaşmaq üzrədir.