Aqil Məmmədov: Mənə o qədər badalaq vurublar ki... - MÜSAHİBƏ
06.01.2012 - 00:11
Aqil Məmmədov: Mənə o qədər badalaq vurublar ki... - MÜSAHİBƏ
Azərbaycan yığmasının sabiq üzvü Aqil Məmmədov futbolçu karyerasını bitirdikdən sonra ilk müsahibəsini apasport.az saytına verib

- Futbolçu karyeranıza 40 yaşında son qoydunuz. 22 illik yolun sonu nə dərəcədə ağırdır?
- Düzdür, adama ağır gəlir. Amma bu hadisə nə vaxtsa baş verməli idi. Belə deyək, futbolla vidalaşmaq normal hadisədir. Dünyanı tutub, durası deyilik ki... Düzü, futbolla 2 il bundan öncə vidalaşmalı idim.

- İddialı klublardan “Neftçi”, “Qarabağ” və “Şəmkir”in formasını geyinmisiniz. Olmazdı ki, gedişinizi vida oyunu ilə qeyd edəsiniz?
- Suala cavab verməkdə çətinlik çəkirəm. Belə alındı. Hadisələr həmişə istədiyin kimi də cərəyan etmir. Bir müddət öncə Rafael Əmirbəyov üçün vida matçı təşkil etdilər. Düzü, mən belə oyunlara yaxşı baxıram. Amma bir məsələni də unutmaq olmaz ki, bizdən də güclülər futboldan səssiz-səmirsiz gediblər. Belə hadisələrdən nə inciyənəm, nə də küsən. Şərt qoymaq olmaz ki, vida oyunum mütləq keçirilsin.

- Hər halda, sizin üçün üstünlük ondan ibarət oldu ki, futbolla doğma şəhərinizdə vidalaşdınız və məşqçiliyə də burada başladınız…
- Sizinlə razıyam.

- Artıq bu yol sona çatdı. Gələcək planlarınız nədən ibarətdir?
- Adətən, futbolçu üçün bu sahədən birdəfəlik getmək çətindir. Qismət olarsa, növbədə məşqçilikdir.

- Məşqçilik kurslarına yazılmısınızmı?
- Analoji addımı futbol oynayan zaman atmışam. AFFA-nın təşkilatçılığı ilə keçirilən kurslara yazılıb, B kateqoriyasını almışam.

- Futbolçu karyeranızda qazandığınız uğurları məşqçi kimi də əldə etmək iqtidarındasınızmı? İndiki vəziyyətdə bu gücü özünüzdə hiss edirsinizmi?
- Təbii ki, hər futbolçu məşqçi ola bilmir. Hər futbolçudan məşqçi çıxmaz. Bütün bu təhlükələrə baxmayaraq, hər yaşda başlamaq lazımdır. Nəyəsə başlamaq üçün nəyəsə son qoymaq lazımdır. Hər son bir başlanğıcdır. Məncə, çox şey insanın öz iradəsindən asılıdır. Hər bir nöqtəyə doğru mərhələlərlə getmək lazımdır. Belə olmasa, uğur qazanmaq çətindir.

- Oynadığınız hansı klubda yüksək nöqtəyə çatdığınızı düşünürsünüz?
- Əlbəttə ki, “Neftçi”in heyətində yaxşı işlər gördüyümü düşünürəm. Bu komandanın heyətində çempion olub, kuboku qazanmaqla yanaşı, ölkənin hüdudlarından kənarda da adımızdan bəhs etdirdik. Avropada mərhələ keçib, “Birlik Kuboku”nu ölkəmizə gətirdik.

- Futbolçu kimi hansı arzunuz reallaşmadı?
- Arzular vacibdir. Onlar insanı müəyyən istiqamətlərə aparır. Sumqayıt təmsilçisinin tərkibində avrokuboklarda oynamaq istəyirdim ki, bu da baş tutmadı.

- Hər bir futbolçunun karyerasında vacib insanlar olur. Sizi irəli çəkən, arxasınca aparan məşqçi kim olub?
- Ümumiyyətlə, hər bir mütəxəssisə hörmətlə yanaşıram. Düzü, futbolçu kimi özüm çox əziyyət çəkmişəm. Həm məşqlərdə, həm də oyunlarda çalışmışam ki, əlimdən gələnin ən yaxşısını nümayiş etdirim. Bütün məşqçilər baxır ki, bu gün kim hazırdır, yaxşı vəziyyətədirsə, ona da şans verir, güvənir. Mən şəxsən Kazbek Tuayevə, Ağasəlim Mircavadova böyük hörmət bəsləyirəm. O vaxt Azərbaycanda işlədiyim ən yaxşı mütəxəssislər bunlardır. Başqa işbirliyi həyata keçirdiklərim isə legionerlər olub.

- Bəs karyeranız ərzində sizə kim badalaq vurmağa cəhd edib?
- Düzü, mənə rast gəlməyib. Hansısa məşqçi, insan, futbolçu, rəhbər mənə toxunmayıb. Oyunda isə mənə o qədər badalaq vurublar ki, heç sayı-hesabı yoxdur.

- Siz hansı futbolçu ilə çiyin-çiyinə oynayanda, özünüzü rahat hiss etmisiniz?
- Yaxşı məqama toxundunuz. Belə futbolçular çox olub. “Qarabağ”, “Neftçi”, “Şəmkir”də oynayanda yaxşı kollektivlərdə yer almışam.

- Nadir futbolçulardansınız ki, SSRİ dövrünü, eləcə də, indiki dövrü görmüsünüz. Ümumiyyətlə, bu uzun illərin təcrübəsi sizə nə qazandırıb?
- Futbol mənə həyatda çox şeyi verib. Nə bəxş etdiyini bir cümləyə sığışdıra bilmirəm, çətindir. Həm pullu, həm də pulsuz dövr görmüşəm. SSRİ dövründə də çıxış etmişəm. Yaşadığım təcrübənin mənə həyatda kömək olduğunu deməliyəm.

- Ailədə yolunuzu davam etdirən varmı?
- Oğlum futbola gedir. Görək axırı necə olacaq, hələ uşaqdır.

- Ona nə kimi məsləhətlər verirsiniz?
- 9 yaşı var. İndidən nə mövqe, nə məsləhət? Topu atırlar ortaya, onlar da oynayır. Top haradadırsa, onlar da ordadır. Şəraitləri yaxşıdır. Peşəkar futbolçu kimi yetişmək üçün onlara zəmin formalaşdırılıb.