“Neftçi”nin sabiq baş məşqçisi Premyer Liqa klubunda
06.01.2012 - 10:54
“Neftçi”nin sabiq baş məşqçisi Premyer Liqa klubunda
“Neftçi”nin ukraynalı sabiq baş məşqçisi Anatoli Demyanenko 5 illik fasilədən sonra yenidən vətənində işləyəcək. Apasport.az saytının məlumatına görə, 53 yaşlı mütəxəssis Ukraynanın Premyer Liqa təmsilçisi “Volın”ın yeni çalışdırıcısı təyin olunub. O, yaxın günlərdə bu vəzifədə rəsmən təqdim olunacaq.

Sonuncu dəfə Ukraynada Kiyev “Dinamo”sunu çalışdıran (2005-07) Demyanenko 2008-ci ilin yanvarında “Neftçi”də çexiyalı həmkarı Vlastimil Petrjelanı əvəzləmişdi. Komandamızda 8 aylıq fəaliyyətindən sonra müqaviləsi qarşılıqlı razılıqla pozulan ukraynalı 3 il işsiz qaldı. Ötən il Özbəkistanda “Nasaf” klubunun baş məşqçisi təyin edilən Demyanenkonun işi uğurlu alındı. Belə ki, o, Asiya Futbol Konfederasiyasının kubokunu qazandı.

“Volın” uzun illər baş məşqçisi olan Vitali Kvartsyanını ötən ilin axırında istefaya göndərəndən sonra təkcə Demyanenkoya Özbəkistanla müqayisədə yaxşı şərtlər təklif etməyib, eyni zamanda “Nasaf”ı razı salmalıdır. Çünki mütəxəssisin klubla müqaviləsi olduğundan, onun vaxtından əvvəl dayandırılmağına görə əhəmiyyətli kompensasiya ödəmək lazımdır.

Qeyd edək ki, “Volın”da vaxtilə elə Kvartsyanının rəhbərliyi altında bir sıra azərbaycanlı futbolçular oynayıb və onlardan çıxışı ən uğurlu alınan hücumçu Samir Əliyev Demyanenko ilə “Neftçi”də işləyib.