Rauf Əliyev üçün Belçika variantı
06.01.2012 - 14:40
Rauf Əliyev üçün Belçika variantı
“Qarabağ”ın futbolçusu Rauf Əliyev xarici klubların maraq dairəsindədir. Bu barədə apasport.az saytına komandanın direktoru Əmrah Çəlikəl məlumat verib.

O bildirib ki, 22 yaşlı hücumçu təkcə Türkiyənin Bank Asiya I divizion təmsilçisi “Göztəpə”dən təklif almayıb: “Onu bilirəm ki, Belçikadan və II Bundesliqadan futbolçumuzla maraqlanıblar. Ancaq rəsmi səviyyədə danışıq olmayıb. Raufla 3 illik müqavilə imzalamışdıq. Cari mövsüm bitəndən sonra onunla daha 2 illik anlaşmamız var”.

Rauf ötən il belçikalılarla 4 dəfə görüşüb. O, Avroliqada “Qarabağ”ın “Brügge” ilə səfər matçında, milli komandamızın Belçika yığması ilə Bakıdakı rəsmi oyununda qol vurmağı ilə diqqət çəkdi. Almanlar isə Berti Foqts milli komandamızın baş məşqçisi olandan sonra gənc futbolçularımızı diqqətdə saxlayırlar.

Qeyd edək ki, karyerası yetirməsi olduğu “Qarabağ”a bağlı olan Əliyev 2007-ci ildən onun şərəfini qoruyur.

Mehman SÜLEYMANOV