“Bakı”nın legioneri: Milliləşib, yığmada oynayaram - FOTO
07.01.2012 - 00:01
“Bakı”nın legioneri: Milliləşib, yığmada oynayaram - FOTO
“Bizim komandanı həmişə çempionluq maraqlandırır. Ən pis halda, 3-cü yerlə razılaşarıq ki, avrokuboklarda oynayaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun futbolçusu Xavyer Junior Vilson deyib.

Braziliyalı yarımmüdafiəçi özünə ikinci vətən saydığı Sloveniya mətbuatına müsahibəsində uzun illər çıxış etdiyi “Domjale”dən və 2011-ci ilin yayında transfer olunduğu “Bakı”dan danışıb: “Hər gün “Domjale” üçün dualar edirəm. Bu komanda mənə çox şey verib. Mən də özümü yarımsloveniyalı hiss edirəm. “Bakı”ya tez uyğunlaşdım. Bunda Braziliya və Xorvatiyadan olan komanda yoldaşlarımın dəstəyi rol oynadı”.

Braziliyalı legioner Azərbaycana uyğunlaşmağın çətinliyini də etiraf etməklə yanaşı, niyə özünü yarımbraziliyalı, yarımsloveniyalı saydığını da açıqlayıb: “İlk vaxtlar mənə elə gəlirdi ki, dünyanın sonudur. Bu hal ailəm yanıma gələnə kimi davam etdi. Həyat yoldaşım Sara və 8 aylıq oğlum Maksın gəlişi ilə hər şey qaydasına düşdü. Sara domjalelidir və dostlarımdan birinin ad günündə tanış olmuşuq”.

Vilson ölkəmizdə dil problemini tərcüməçi vasitəsilə həll etdiyini bildirib: “Sloveniya dilini yaxşı bilirəm. Amma Azərbaycan və rus dillərindən fərqlənir. Bu üzdən də klub tərcüməçisinin xidmətindən yararlanıram. O da ispancadan tərcümə edir”.

Braziliyalı legioner milliləşməsinin əleyhinə deyil: “Bütün fikrimi kluba yönəltmişəm. Amma Sloveniyanı da diqqətdə saxlayıram. Bu ölkənin yığmasından təklif alsam, bunu qəbul edərəm”.