Rauf Əliyev: Hansısa ölkənin adına görə seçim etsəm, yanılaram
06.01.2012 - 17:53
Rauf Əliyev: Hansısa ölkənin adına görə seçim etsəm, yanılaram
“Hansısa klubdan real təklif almamışam”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun hücumçusu Rauf Əliyev deyib.

Türkiyə mətbuatında yayılan xəbərlərə inansaq, Bank Asiya I Liqasında çıxış edən “Göztəpə” klubu Əliyevlə anlaşıb. Əslində, bu xəbərin tarixçəsi ötən ilin may ayına qədər gedib çıxır. Həmin vaxt adıçəkilən klubun nümayəndəsi Əli Gültikən Quzanlıda “Qarabağ” – “Neftçi” qarşılaşmasını izləyirdi. Oyun zamanı saytımıza açıqlama verən türkiyəli Maksim Medvedev, Əfran İsmayılov və Rauf Əliyevi bəyəndiyini açıqlamışdı.

Bu səbəbdən həmin “trio”nun yayda qardaş ölkəyə yollanacağı gözlənilirdi. Lakin Avropa Liqasında uğurlu çıxış etmək istəyən Ağdam təmsilçisi futbolçularını buraxmamışdı: “Ola bilsin, gəlib baxıblar. Mənə konkret heç nə deməyiblər. Təklif gəlsə də, kluba ünvanlanıb. İstirahətdə olduğum üçün mənə heç nə deməyiblər”.

Məsələnin yenidən aktuallaşması təsadüfi deyil. Yığmanın heyətində nümayiş etdirdiyi oyunla diqqət mərkəzinə düşən Əliyev qış fasiləsinə yaxınlaşdıqca ehtiyatda qalır. Qurban Qurbanovun Bəxtiyar Soltanova etimad göstərməsi də Əliyevin yol üstə olması anlamını verirdi.

Yeri gəlmişkən, hücumçunun xidmətində təkcə Türkiyə təmsilçisi deyil, Belçika və Almaniya klubları da var. Ancaq futbolçu ad açıqlamaq istəmir: “Klubun şərtlərini əsas tutacağam. Hansısa ölkənin adına görə seçim etsəm, yanılaram. Əlbəttə, bəzi səbəblərdən Türkiyə variantına üstünlük verərdim. Ən əsası dilə görə”.