“Rauf Əliyev Belçikada oynaya bilər”
07.01.2012 - 00:02
“Rauf Əliyev Belçikada oynaya bilər”
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi

- Türkiyə mətbuatında “Göztəpə” klubunun əsas futbolçularınızdan olan Rauf Əliyevlə razılığa gəlməsi barədə xəbərlər yayıldı. Bunu necə qarşıladınız?
- Bu, yanlış xəbərdir. Sadəcə, Raufla maraqlanıblar. Ancaq keçidlə bağlı hansısa söhbət, razılıq olunmayıb.

- “Göztəpə” rəsmiləri hələ ötən mövsüm oyunlarınızı izləmək üçün ölkəmizdə olmuşdular. Həmin vaxt onların Rauf Əliyev, Maksim Medvedev və Əfran İsmayılovu bəyəndikləri açıqlanmışdı...
- Bəli, həmin vaxt maraqlanmışdılar. Bundan sonra klubla əlaqə də saxlamışdılar. Ancaq o dərəcədə konkret danışıq olmayıb.

- Sonuncu dəfə nə vaxt əlaqə saxlamışdılar?
- Yeni ilədək klubla, futbolçunun agenti ilə əlaqə saxladılar. Ondan sonra bir xəbər olmayıb.

- Yazılanlara inansaq, Rauf “Göztəpə”nin qış fasiləsindəki yeni transferləri sırasındadır. Keçid həll olunmadığı halda, bu xəbəri yaymaqda maraq nə ola bilər?
- Bunu deyə bilmərəm. İnternetdə belə yazıblar. Ancaq fakt odur ki, Raufun “Göztəpə”yə keçidi ilə bağlı heç bir razılıq əldə olunmayıb. Futbolçumuz istirahətdə idi, bu gün (söhbət dünən olub – red) Bakıya gəlməlidir. Həmin klubla başqa danışıq olmayıb.

- Maraq varsa, bu, gələcəkdə rəsmi səviyyədə də ola bilər. Həmin vaxt mövqeyiniz necə olacaq?
- Mövqeyimiz Rauf üçün ən yaxşısını etməkdir. İstərdim komandamızda olsun. “Qarabağ”ın aparıcı futbolçularından biridir. Ancaq digər tərəfdən, onun xaricə çıxışına imkan yaranıb və bunu müzakirə etməliyik. Əgər bu variant Raufun gələcəyi üçün xeyirli olacaqsa, klub tərəfindən keçidinə mane olmayacağıq.

- Rauf ötən il milli komandamızın, ölkəmizin ən yaxşı futbolçusu seçildi. Bu mənada Türkiyənin I liqasına gedişi bizə nə perspektiv verə bilər?
- Haradasa I liqa söhbəti bizi aldada bilər. Ancaq ümumi fikirləşsək, Türkiyənin I liqası çox normal səviyyədə keçirilir. Digər tərəfdən, “Göztəpə”nin maraqlarını da bilmək lazımdır. Çünki oradan Türkiyə Superliqasına çıxış daha rahat olar. Məsələn, Vaqif Cavadovun o yaşda birdən-birə “Tvente”yə gedişi bəlkə də bir az tez idi. Mən belə düşünürəm. Ona görə Raufun məsələsində ehtiyatla danışıram. Onun öncə I liqa klubuna keçidinə daha yaxşı, nəinki birdən-birə Superliqa komandasına. Bilmək olmaz, bəlkə elə oldu ki, birbaşa Superliqa komandasına getsə, daha çox faydalandıq. Ona görə deyirəm ki, həm biz klubla maraqlanmalıyıq, onların planlarını, fikirlərini öyrənməliyik. Hərtərəfli maraqlanıb, bundan sonra lazım olsa, razılıq əldə etməliyik. Ancaq belə götürəndə, Raufa görə 1-2 dəfə telefon danışığı olub. Rəsmi bir görüş olmayıb.

- Rauf artıq 4-cü ildir rəhbərliyiniz altında oynayır. Onun hansı ölkənin yüksək liqasında oynamağa hazır, hansı çempionatda çıxış etməyini daha münasib sayırsınız?
- Düşünürəm ki, Rauf Türkiyə çempionatında, Avropanın orta səviyyəli ölkələrində, məsələn, Belçikada oynaya bilər. Əliyevin oyun tərzinə görə orada çıxış etmək bacarığına malikdir. Ancaq futbol elə bir idman növüdür ki, bəzən gözləmədiyin oyunçu daha yaxşı nəticə verir, nəinki güvəndiyin futbolçu. Rauf bu yaşda “yanmamağı” üçün onu qoruyub saxlamalıyıq. 22 yaşda komandanın, millinin əsas heyətində oynasın, sonra gedib xaricə klubda heyətə düşməsin, bu, futbolçu üçün psixoloji cəhətdən sarsıntı ola bilər. Ona görə Raufun məsələsində çox diqqətli olmalıyıq.

- Bildiyimizə görə, Əliyevlə Belçika və Almaniya II Bundesliqasından da maraqlanıblar...
- Bəli. Raufa Almaniya II Bundesliqasından təklif vardı. Ancaq adını deyə bilməyəcəyəm. Belçikada isə ümumi, agentlər tərəfindən maraq olub. Biz o vaxt “Brügge” ilə oynayanda dedilər ki, Əliyevlə maraqlanan klublar var. Ancaq konkret bir şey olmadı.

- Raufun transferi ilə bağlı “Qarabağ” rəhbərliyinin mövqeyi belədir ki, sizin istənilən qərarınızı dəstəkləyəcəklər. Yəni, Əliyevin gedişinə, yoxsa qalmağına siz qərar verəcəksiniz. Futbolçumuzun xaricə getməyi nə qədər yaxşı hal olsa, bombardirinizi itirmək komandanıza mənfi təsir edəcək. Bəlkə bunu göz önünə gətirib, mövsümün ortasında transferə razılıq vermədiniz?
- Ümumiyyətlə, hər bir futbolçuya müəyyən maraq dövrü olur. Mənim üçün xoş olar ki, hər bir futbolçumuz xaricdə oynasın. İstər Rauf, Əfran, istərsə də digərləri. Çünki onların elə bir yaş dövrüdür ki, indi maraqlanan klublar çox ola bilər. 1-2 ildən sonra, yaşın üstünə yaş gələndə gec ola bilər. Futbolçuya yaşına görə qiymət verirlər. Üstəlik, Avropada bizim kimi ölkənin futbolçuları ilə o qədər maraqlanmırlar. Çünki avrokuboklarda elə də yaxşı nəticə vermədiyimiz üçün istər-istəməz bizə maraq az olur. Raufun özü üçün yaxşı təklif olmalıdır. Əgər belə olsa, xaricə gedişinə mane olmayacağıq.

- Raufla “Göztəpə” variantı haqda söhbət etmisiniz?
- Yox. Hələ görüşümüz olmayıb. Yanvarın 10-da bir araya gəlib, məşqlərimizə başlayacağıq.

- Komandanızın transfer planları ilə bağlı vəziyyət necədir? Axtarışlar oldumu?
- Bu müddətdə əsasən istirahətdə olduq. Açığı, rayonda idim, dünən axşam Bakıya qayıtmışam. Qarşıdakı günlərdə daha çox bu işlərlə məşğul olacağam.

- Transfer məsələlərinizi Türkiyəyə təlim-məşq toplanışına gedənə kimi yekunlaşdıra biləcəksiniz?
- Türkiyədə də bu işlərə vaxtımız olacaq. Tələsik qərar verməyəcəyik. Hazırlıq planımız var, hər şey qaydasındadır. Sadəcə, bəzi məsələlər var ki, onları həll etməyə çalışırıq.

- Komandada ehtiyat oyunçular skamyasının uzun olmağı vacibdir. Futbolçu sarıdan korluq olanda, əsas ağırlıq start heyətinin üzvlərinin üzərinə düşür ki, bu vəziyyət “Qarabağ”da müşahidə olunur...
- Hazırda komandamızda yerli futbolçuların sayının daha çox olmağını istəyirik. Ancaq indi istədiyimiz futbolçunu komandaya dəvət edə bilmirik. Çünki hər birinin klubu ilə müqaviləsi var. Bu mənada yerli transfer etmək çətindir. Ehtiyat skamyanın uzun olmağı üçün hazırda daha çox legionerə üstünlük verməliyik. Ancaq klub olaraq, bunun bir o qədər tərəfdarı deyilik ki, heyətimizdə əcnəbilərin sayı çox olsun. Yenə də imkan daxilində bir neçə futbolçu ilə maraqlanıb, transferini həyata keçirmək istəyirik. Düşündüyümüz kimi alınsa, onları komandamıza dəvət edəcəyik.

- İlkin danışıqlar, razılıq olubmu?
- Hələ yox.

- Ancaq təbii ki, nəzərdə tutduğumuz futbolçular var və onların adlarını açıqlamaq istəmirsiniz....
- Bəli, maraqlandığımız legionerlər var. İstər-istəməz hər dəfə agentlər tərəfindən bizə təkliflər göndərirlər. Biz bunun əsasında 6 ay - 1 il həmin futbolçularla maraqlanır, oyunlarını izləyirik. Bunu düşündüyümüz kimi alınarsa, onları komandamıza cəlb etmək üçün edirik.

- Yəqin ki, “Qarabağ”dan gedənlər də olacaq. Bunlar əsasən az oynayanlardır...
- Yox. Komandamızdan demək olar heç kim getməyəcək. Hamı komandadır, onları ən azı cari mövsümün sonuna kimi saxlayacağıq.

- Vaxtilə əsas qapıçınız olan Fərhad Vəliyev artıq heyətdə yerini itirib. Onun gedişi haqda daha çox danışılır. Real təklif olsa, Fərhada başqa klubda oynamağa imkan yaradacaqsınız?
- Birincisi, Fərhadın klubumuzla müqaviləsi var. İkincisi, heç inanmıram ki, o, indi harasa getmək istəsin. Üçüncüsü, lap yaxşı təklif olsa, biz fikrini öyrənib, rəsmi qərarımızı verəcəyik. Ancaq Vəliyev əsas futbolçularımızdan biridir və hazırda komandamıza lazımdır.

Mehman SÜLEYMANOV