“Neftçi”, “Qarabağ” və “Bakı”nı birləşdirən müqavilə
07.01.2012 - 00:05
“Neftçi”, “Qarabağ” və “Bakı”nı birləşdirən müqavilə
Premyer Liqada medallara iddiasını davam etdirən klublar Avropa kuboklarının hazırlığına başlayıblar. Apasport.az saytının məlumatına görə, “Neftçi”, “Qarabağ” və “Bakı” vəsiqə qazanacaqları təqdirdə, avrokuboklarda rəqiblərini qəbul edəcək arenanı müəyyənləşdiriblər.

Ölkəmizdə müasir standartlara cavab verən, yenicə istifadəyə verilmiş “Dalğa Arena” olmasına baxmayaraq, hər üç klubun seçimi Tofiq Bəhramov adına Respublika stadionu olub. Artıq stadion rəhbərliyi ilə adları çəkilən klub rəhbərləri arasında rəsmi müqavilə də imzalanıb.

Məsələ ilə bağlı apasport.az saytına açıqlama verən stadionun direktoru Akif İsmayılov bildirib ki, o vaxta kimi yeni görkəmdə olacaq arenadan qonaqlar xoş təəssüratla ayrılacaqlar: “Adətən hər il bu vaxt klublar ev oyunlarını keçirmək üçün bizə müraciət edirlər. Bu dəfə “Neftçi”, “Qarabağ” və “Bakı” daha tez tərpənib, öz işlərini əvvəlcədən sağlam tutublar. Yəqin ki, “Xəzər Lənkəran” avrokuboklara vəsiqə qazanacağı təqdirdə, ev oyunlarını məhz Lənkəran şəhərində yerləşən arenada keçirəcək”.