“Neftçi”nin beynəlxalq turnirdə bütün rəqibləri müəyyənləşdi
08.01.2012 - 12:53
“Neftçi”nin beynəlxalq turnirdə bütün rəqibləri müəyyənləşdi
“Neftçi” klubunun Antalyada Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bütün rəqibləri bəlli olub. Apasport.az saytının xəbərinə görə, yarışda “ağ-qaralar”la yanaşı, Rusiyanın "Terek Qroznı", Ukraynanın "Metallist Xarkov", "Obolon Kiyev", Polşanın "Poloniya Varşava", Rumıniyanın "Rapid Buxarest", Özbəkistanın "Paxtakor", eləcə də Çinin "BİT FC Pekin" klubları mübarizə aparacaq.

Oyunlar hərəsində 4 komanda olmaqla 2 yarımqrupda keçiriləcək. Qrupların tərkibi yanvarın 27-də keçiriləcək püşkatma nəticəsində müəyyənləşəcək. Hər qrupda 1-ci yeri tutacaq komanda finala vəsiqə əldə edəcək.

Final matçı "Antalyaspor"un ev oyunlarını keçirdiyi "Mardan" stadionunda baş tutacaq. Yarışın mükafat fondu 170 min ABŞ dolları təşkil edir. Turnirin oyunlarını Əhməd Kadırovun oğlu, Çeçenistanın hazırkı prezidenti Ramzan Kadırov da izləyəcək.

Fəxri qonaqlar arasında yaxın keçmişin dünyaca məşhur hakimləri italiyalı Pyer Luici Kollina və Roberto Rosetti də yer alacaq. Yanvarın 28-də start götürəcək turnirin final matçı fevral ayının 3-də baş tutacaq.