Ağasəlim Mircavadov: Onu mənə Allah yetirdi
07.01.2012 - 13:49
Ağasəlim Mircavadov: Onu mənə Allah yetirdi
“Səhhətimdəki problemlər aradan qaldırılıb. Hazırda özümü yaxşı hiss edirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Bağırsağında yaranan problem üzündən Yeni il öncəsi Türkiyəyə yollanan 65 yaşlı mütəxəssis məşhur “Acıbadem” klinikasının İzmitdəki bölməsində müayinədən sonra cərrahiyyə əməliyyatı olundu.

Mircavadov artıq xəstəxanadan çıxdığını bildirib: “Burda xəstəni klinikada çox saxlamırlar. 2-3 gündən sonra evdə buraxırlar. Böyük oğlumla birgə hazırda İstanbuldayam. Bura gəlməyimizdə vasitəçi olan ailəvi dostumuzun evində qalırıq. Elə Yeni ili də burada keçirdik. Müalicəm həkim nəzarəti altındadır. Elə bu gün son iynəmi vurduracağam. İnşallah, 1-2 günə Bakıya qayıdacağıq”.

Ən titullu məşqçimiz əməliyyatdan sonra lazımı proseduralardan keçdiyini bildirib: “Analizlər verdim, aparatdan keçdim. Allaha şükür, hər şey yaxşıdır. Məni əməliyyat edən Əhməd həkimdən çox razıyam. Onu məni Allah yetirdi. Qorxurdum ki, problemi aradan qaldıra bilməzlər. Ancaq Allahın köməyi ilə hər şey yaxşı oldu”.

Təcrübəli mütəxəssisin sözlərinə görə, dırnağından başına kimi müayinədən keçib və problemi yoxdur: “Burada həkimlər 45 yaşdan sonra 5 ildən bir hərtərəfli müayinə olunmağı tövsiyə edirlər. Ancaq biz daha çox işə fikir veririk, nəinki səhhətimizə. 3-4 aydan sonra yenidən Türkiyəyə, qısa müddətlik müayinəyə gələcəyəm. Bu müddətdə isə həkimlərin yazdığı iynə-dərmanları qəbul edib, müalicəmi davam etdirəcəyəm”.

Mehman SÜLEYMANOV