“Opara ilə yollarımızı ayırmağın səbəbini deyə bilmərəm”
07.01.2012 - 15:36
“Opara ilə yollarımızı ayırmağın səbəbini deyə bilmərəm”
“Emeka Opara ilə yollarımızı ayırmağın səbəbini deyə bilmərəm. Hazırda bu haqda danışmağın mənası yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər deyib.

Qış fasiləsinə 3 tur qalmış Lənkəran təmsilçisinin “sükanı arxası”na gətirilən türkiyəli çalışdırıcının heyətlə bağlı apardığı islahatların ilk nəticəsi son 2 ildə oynayan nigeriyalı hücumçu Emeka Oparanı çıxarmaq oldu. Hazırda Malidə futbolçu axtarışında olan Biçərdən qərarının nə ilə bağlı olduğu soruşduqda, cavabı sonraya saxladı: “Azərbaycana qayıtdıqdan sonra bu haqda söhbətləşərik. Hələlik bununla bağlı nə mən sizə bir şey deyim, nə də siz məndən soruşun”.

“Xəzər Lənkəran”a transfer ediləcək futbolçular arasında ən çox adı hallanan xorvatiyalı Ernad Skuliçdir. Təcrübəli yarımmüdafiəçi 2008-ci ilin qışından şərəfini qoruduğu “Bakı” ilə yollarını ayırıb, transfer vərəqəni alandan sonra özünə yeni klub axtarır. Bu mənada Ernadın “ağ-yaşıllar”a keçidi real görünür. Axı Skuliç “Bakı”da Biçərin rəhbərliyi altında oynadığından, türkiyəli yaxşı tanıdığı legionerlə yenidən birgə çalışmaqda maraqlı ola bilər.

Belə olan halda, “Xəzər Lənkəran”ın çalışdırıcısından son günlərdə mətbuatın gündəmində olan Skuliçin mümkün transferi ilə bağlı fikirlərini soruşduq: “Nə deyim? Mətbuat hər şeyi yazır. Təbii, Ernad yaxşı futbolçudur. Ancaq hazırda heç bir sövdələşməmiz yoxdur. Hələlik yeni transferlərlə bağlı dəqiq bir şey deyə bilmərəm”.

Qeyd edək ki, 32 yaşlı Skuliç “Bakı”da 2 dəfə çempionluq, 1 dəfə ölkə kuboku, 1 dəfə gümüş medal qazanıb. O, sonuncu 2 mükafatı Biçərin rəhbərliyi altında 2010/11 mövsümündə həlledici oyunlarda “Xəzər Lənkəran”a qalib gəlməklə, əldə edib.

Mehman SÜLEYMANOV