“Kamananın müqavilədə irəli sürdüyü bəzi şərtləri qəbul etmirik”
07.01.2012 - 17:00
“Kamananın müqavilədə irəli sürdüyü bəzi şərtləri qəbul etmirik”
“Yannik Kamananın transferi hələ rəsmiləşməyib. Amma onun formasını geyindiyi “Mersin İdman Yurdu” klubu ilə məsələni həll etmişik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.

Qəbələlilər Fil Dişi Sahilindən olan Serje Cehua ilə müqaviləni uzatmayandan sonra onun yerinə axtardığı hücumçunun transferini reallaşdırır. Bu, Türkiyə Superliqasının debütantı olan “Mersin İdman Yurdu”nun 30 yaşlı hücumçusu Yannik Kamanandır.

Afrika əsilli fransalı legionerin keçidi ilə bağlı son günlərdə Türkiyədə olan Əzizov artıq vətənə dönüb. Onun sözlərinə görə, Mersin təmsilçisi Kamananın “Qəbələ”yə keçidinə razılıq verib: “Yanniklə yalnız müqavilə bağlamaq qalıb ki, bununla bağlı onun agenti ilə Türkiyədə danışığımız oldu. İdeyaya görə, Yanniki transfer etməliyik, baş məşqçimiz Fatih Kavlakı onu sərəncamında görmək istəyir. Sadəcə, hücumçunun şəxsi müqaviləsində bəzi məsələlər var ki, onlar hələ razılaşdırılmayıb. Söhbət puldan getmir. Bəzi şərtlər var ki, biz onu qəbul etmirik. Kamanaya müqavilə təklif etmişik, şərtlərimizi demişik və cavab gözləyirik. Türkiyədə mənə qəti cavab vermədiklərindən, çox qalmağı məqsədəuyğun saymadım. Bu gün-sabaha yekun cavab deməlidirlər. Əgər şərtlərimizi qəbul etməzlərsə, gözləməyib, başqa variantları nəzərdən keçirməli olacağıq”.

Baş menecer Yanniklə uzun müddətlik müqavilə bağlamağın nəzərdə tutulduğunu təsdiqlədi: “Bəli, onunla müqavilə 2,5 illik olacaq. Komandamız yanvarın 19-da Antalyaya təlim-məşq toplanışına yollanacaq. Kamanan bizə Türkiyədə qoşulmalı deyil. Bura gəlib, rəsmi müqavilə bağlamalıdır. Bunun yanvarın 11-də olmağı nəzərdə tutulub”.