Finlandiya yığması millimizi qrup sonuncusu etdi
07.01.2012 - 18:24
Finlandiya yığması millimizi qrup sonuncusu etdi
Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası (U-19) Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirində qrup sonuncusu olub. Apasport.az saytının məlumatına görə, bu, Finlandiya və Sankt-Peterburq yığması arasında az öncə başa çatan görüşün nəticəsindən sonra müəyyənləşib. Vəli Qasımovun baş məşqçisi olduğu yığmamıza 7:0 hesabı ilə qalib gələn finlər qrup liderliyini təmin etdiklərindən, son turda güclərini qoruyublar. Bu isə təşkilatçılara qrupda son matça ciddi yanaşmayan rəqibi üzərində qələbə qazanmağa imkan yaradıb – 2:0. Nəticədə Sankt-Peterburq yığması bizə 1:2 hesabı ilə uduzsa da, topların daha yaxşı fərqinə görə B qrupunda 2-ci yeri olub.

Qasımovun komandası isə 3-cü yerin sahibi kimi A qrupunun sonuncusu ilə görüşəcək. Bu, böyük ehtimalla Litva yığması olacaq. Çünki onun kimi 1 xalı olan Rusiya yığması saat 19:00-da lider Belarusla oyuna çıxacaq və 2-ci yerdə qalmağı üçün uduzmamağı yetərlidir.

Qeyd edək ki, yığmamız 9-12-ci yerlər uğrunda ilk matçını sabah saat 16:30-da keçirəcək. Qasımovun komandasının nəticədən asılı olaraq turnirə yekun vuracaq yanvarın 10-da ya 9-cu, ya da 11-ci yer uğrunda oyuna çıxacaq.