Premyer Liqa: Kim necə güclənir?
08.01.2012 - 14:37
Premyer Liqa: Kim necə güclənir?
Premyer Liqa klubları istirahətə çıxar-çıxmaz heyətlərinə əl gəzdirməyə başladı. Geridə qoyduğumuz müddət ərzində bir çox futbolçu ilə bağlı qərar verildi. Demək olar ki, komandaların çoxu ona lazım olmayan futbolçulardan azad olmağı bacardı. İki klubda isə vəziyyət qeyri-müəyyəndi. Bunlar Qərb təmsilçiləri "Kəpəz"lə "Turan"dı.

Əvvəl dağıldığını bəyan edib, bir neçə saat sonra fikrindən daşınan "Kəpəz" futbolçularla bağlı da hərdəmxəyallıq edir. Əvvəl 11 oyunçunu qovan Gəncə təmsilçisi baş məşqçi Mirbağır İsayevlə də yollarını ayırdı. Lakin sonradan bu qovulanların çoxu geri qaytarıldı, bəziləri isə qayıtmaq üzrədi. "Turan"dakı pul davası üzündən isə mövsümün gedişi boyu futbolçular kütləvi surətdə gedib-qayıdırlar. Hər an dəyişən bu durumun sonda necə olacağını isə heç kim bilmir.

Neftçi. Arif Əsədovdan çempion heyəti təhvil alan Böyükağa Hacıyev əlindəki materialla yaxşı davranır. Hər halda "ağ-qaralar"ın fasiləyə qış çempionu kimi yollanması belə söyləməyə əsas verir. Lakin titulunu qorumaq üçün "Neftçi"nin güclənməyə ehtiyacı var.

Hacıyevin ilk işi xidmətinə ehtiyac duymadığı Elmar Baxşıyevlə Emil Mpenzanı heyətdən kənarlaşdırmaq, Nicat Qurbanov (Simurq) və Tərlan Quliyevi (Sumqayıt) isə icarəyə vermək oldu. Həmçinin, Elçin Sadıqovla Tural Nərimanov transferə çıxarılsalar da, hələlik onlara müştəri çıxan olmayıb. Araz Abdullayevə gəlincə, müqavilə ilə "Everton"a məxsus olan həmyerlimiz icarə əsasında Yunanıstan "Panionios"unda çıxış edir.

Bu arada "Neftçi" heyətini gücləndirmək üçün axtarışlarını davam etdirir. Paytaxt klubu bəzi əcnəbiləri sınaqdan keçirmək istəyir. Bu məqsədlə komandaya təklif olunan legionerlər Antalya toplanışına dəvət olunacaq. Böyükağa bəyin baxışdan keçirəcəyi futbolçuların adları açıqlanmasa da, onların Qana, Seneqal, Braziliya və Serbiyadan olduqları bildirilir. Bu futbolçular yarımmüdafiə və hücum xətlərində oynayır. Hacıyev onlardan ikisini seçəcək.

İnter. "İnter" liderin ən yaxın izləyicisi olsa da, Kaxaber Sxadadzenin yaxşı hücumçuya və hücumameyilli yarımmüdafiəçiyə ehtiyac duyduğu göz önündədi. "İnter" cari çempionatda qapısında ən az qol görən komanda olmasına rəğmən, ön xətdə "dişsizdi". Təsəvvür edin, "bankirlər" yalnız autsayderlər - "Sumqayıt" və "Turan"dan çox qol vurub.

"İnter"in heyəti kasad olduğundan Sxadadze hələlik heç bir futbolçunu göndərməyi lazım bilməyib. Əvəzində "Bakı"dan ayrılan Əziz Quliyev komandaya cəlb olunub, İbrahima Niasse ilə isə müqavilənin müddəti uzadılıb.

Xəzər Lənkəran. Cənub klubunun baş məşqçisi Cüneyt Biçər və rəisi Səməd Mustafayev hazırda Malinin paytaxtı Bamakodadı. Səfər müddətində müxtəlif Afrika ölkələrindən olan futbolçuların baxışdan keçirilməsi nəzərdə tutulub. Onlar yanvarın 10-da ölkəyə dönəcəklər. "Xəzər Lənkəran" rəhbərliyi həmçinin, Türkiyə və Braziliyada da oyunçu axtarırlar. Biçərin mərkəz və cinah müdafiəçisinə, eləcə də səviyyəli bir hücumçuya ehtiyac duyduğu deyilir. "Bakı"dan ayrılan Ernand Skuliç də "Xəzər Lənkəran"ın maraq dairəsindədi və hazırda tərəflər arasında danışıq gedir.

Yeri gəlmişkən, "Xəzər Lənkəran" fasilə müddətində nigeriyalı hücumçusu Emeka Opara ilə yollarını ayırmağa qərar verib. Afrikalı hücumçu artıq bir müddətdi ki, transferə çıxarılıb. Buna səbəb Emekanın ümidləri doğrulda bilməməsidi.

Qarabağ. Tez-tez transfer etməklə arası olmayan Ağdam klubunun düşərgəsində həmişə olduğu kimi, səssizlikdi. Düzdü, dünən komandanın hücumçusu Rauf Əliyevin Türkiyənin "Göztəpə" klubu ilə razılığa gəldiyi yönündə xəbərlər yayıldı. Lakin sonradan həm klub rəhbərliyi, həm Əliyevin özü xəbəri təkzib etdi.

Rauf "Qarabağ"ı tərk etsə də, etməsə də, komandanın güclənməyə ehtiyacı var. Məhz heyətin geniş olmaması ağdamlılara qızıl medallar uğrunda mübarizə aparmağa imkan vermir. "Qarabağ"ın xüsusən də yarımmüdafiə və ön xətdə "yeni nəfəs"ə ehtiyacı var.

Bakı. Hələ ki, rəhbərliyin ümidlərini doğrultmayan baş məşqçi Aleksandr Starkov vəziyyəti dəyişmək üçün heyətə əl gəzdirmək fikrinə düşüb. Latviyalı mütəxəssis fasilə dövründə artıq 6 futbolçuya - Əziz Quliyev (İnter), Emin Cəfərquliyev (Simurq), Ernad Skuliç, Ruslan Leviqa, Vadim Borets və Fabio Luis Ramimə qapını göstərib. Çox güman ki, bu siyahıya seneqallı qapıçı Xalidu Sissokonun da adı əlavə olunacaq.

Yeni futbolçulara gəlincə, Starkov əsasən, postsovet dövlətlərində top qovanları nəzərdən keçirir. Latviyalı çalışdırıcı əksər mövqelərə yeni oyunçu alınmasını istəyir.

Qəbələ. Premyer Liqada medallara iddiasını davam etdirən "Qəbələ" ön xətti gücləndirmək niyyətindədi. Serje Cehua ilə yollarını ayıran əyalət klubu gözünü Türkiyə Superliqasında oynayan başqa bir hücumçu ilə ankaşıb. Bu "Mersin İdman Yurdu"nun formasını geyinən Yannik Kamanandı. Komandanın baş məşqçisi Fatih Kavlak daha bir neçə futbolçunun da transferində maraqlıdı. Türkiyəli çalışdırıcı bu yöndə axtarışlarını davam etdirir.

AZAL. Transfer sarıdan "təyyarəçilər"in düşərgəsində də səssizlikdi. Rafiq Mirzəyev baş məşqçi kimi təsdiqlənsə də, ilk "altılığ"a düşmək uğrunda mübarizə aparan paytaxt klubu hələlik bu yöndə bir iş görməyib.

Fasilə dövründə AZAL-ı tərk edənlərə gəlincə, yalnız Kristian Ruiz Vüsal Qarayev komandanı tərk edib. Bir müddət əvvəl kapitan Aqil Nəbiyevin də iş yerini dəyişəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Lakin onun "Xəzər Lənkəran"a yollanacağı yönündə çıxan məlumat təsdiqini tapmadı.

Rəvan. Çıxışı ilə hər kəsi yaxşı mənada təəccübləndirən debütant qış fasiləsində heyətinə əl gəzdirməyi düşünür. Baş məşqçi Vladislav Qədirov komanda istirahətə buraxılandan sonra Anar Qasımov, Şarapuddin Şalbuzov, Davud Kərimi, Natiq Kərimi və Səbuhi Həsənovun xidmətinə ehtiyac duymadığını açıqladı. Gedənlərin yeri isə doldurulmalıdı. "Rəvan" qış fasiləsində cəmi bir əcnəbi futbolçu transfer etməyi planlaşdırır. Hazırda klub rəhbərliyi xaricdə səviyyəli forvard axtarır.

Bundan başqa, "Rəvan" heyətinə bir neçə yerli gənc futbolçu qatmaq istəyir. Bu məqsədlə yanvarın 9-dan baş məşqçi Vladislav Qədirov seleksiya xarakterli məşqlər keçəcək.

Yeri gəlmişkən, "Rəvan"ın etibarlı bir qapıçıya da ehtiyacı var. Hazırda heyətdə bir qapıçı qalıb - İvan Vasilyev. Onun hazırki durumu isə premyer-liqa standartlarına cavab vermir.

Simurq. Sergey Yuranın rəhbərliyi altında boyundan yuxarı hoppanmağa cəhd edən "Simurq"un da heyətində bəzi dəyişikliklər olub. Zaqatala klubunu son olaraq, Aleksandr Şemonayev tərk etdi. Həmçinin, təxminən ilyarımdı "Simurq"da qapıçılarla işləyən məşqçi kimi çalışan Nizami Sadıqov da öz istəyi ilə komandadan ayrılıb. Əyalət təmsilçisi onun boşluğunu doldurmaq üçün elə də əziyyət çəkməyib. Artıq Yuranın qapıçılarla işləyən köməkçisi Emil Balayev olacaq. Vaxtilə U-17 yığmada da çalışan Balayevin sonuncu iş yeri "Rəvan" olub.

Fasilə zamanı Yevgeni Şmakov, Kristaps Qrebis, Elçin Xəlilov, Samir Quliyev, Adnan Hodziç və Anar Həsənli ilə də yollarını ayıran "sarı-qaralar" hələlik 2 futbolçu ilə anlaşıb. "Bakı"dan ayrılan Emin Cəfərquliyevlə münasibətlərini rəsmiləşdirən "Simurq" "Neftçi"dən Nicat Qurbanovu da icarəyə götürüb. Hodziçlə yollarını ayıran əyalət klubu qapıçı problemini "İnter"də heyətə düşə bilməyən Dimitri Kramarenko ilə doldurmaq niyyətindədi. Yığmamızın sabiq qapıçısı ilə danışıqlar yekunlaşmaq üzrədi.

Kəpəz. Dovşan ilinin sonunda "ölüb", Əjdaha ilinin əvvəlində "dirilən" "Kəpəz" yanvarın 10-da bir araya gələcək. Ona görə də bir müddət qeyri-müəyyənlik içində olan Gəncə klubunun transfer çalışmasından danışmaq yersizdi. Yalnız onu deyə bilərik ki, əldə etdiyimiz bilgiyə görə, Mirbağır İsayev istefa verməmişdən öncə heyətdən kənarlaşdırdığı futbolçulardan üçü - Renat Sultanov, Vasif Haqverdiyev və Tural Abbaszadə geri qaytarılıb.

Qeyd edək ki, İsayev rəhbərliyin Tural Abbaszadəni heyətdə saxlamaq istəyinə etiraz əlaməti olaraq, baş məşqçi postundan istefa verdi. İndi onun səlahiyyətlərini Fuad İsmayılov yerinə yetirir.

Sumqayıt. Rəşad Kərimov, Ramil Nuriyev və Aqil Məmmədov artıq debütantın formasını geyməyəcəklər. Sonuncu karyerasını başa vuraraq, "Sumqayıt"ın U-15 komandasında məşqçiliyə başlamağı lazım bildi. Digər 2 futbolçu isə baş məşqçi Bernard Raabın tələblərinə uyğun gəlmir. Əvəzində "Sumqayıt" "Neftçi"dən mövsümün sonuna qədər Tərlan Quliyevi icarəyə götürüb. 22 yaşlı Azərbaycan əsilli yarımmüdafiəçi Uğur Pamuk isə "TUS Dornberq"dən transfer olunub. Böyük ehtimalla, yaxın günlərdə debütantın heyətində yeni simalar da görəcəyik.

Turan. Tovuz təmsilçisinin durumu qonşusu "Kəpəz"lə oxşardı. Düzdü, "Turan" hələ dağılmayıb. Amma belə var olmaqdansa, bu klubun elə dağılması yaxşıdı. Məlum olduğu kimi, əksər futbolçular maaşlarını ala bilmədikləri üçün mövsümün gedişində komandanı tərk etdilər. Son oyunlarda baş məşqçi Əsgər Abdullayevin əvəzedici heyət üzvlərinə güvənməkdən başqa çıxış yolu qalmadı. İndi belə bir vəziyyətdə hansı futbolçu "Turan"a gəlməyə razılıq verər?