Futbolçumuz dəvət aldığı türk klubunun adını açıqladı
09.01.2012 - 00:01
Futbolçumuz dəvət aldığı türk klubunun adını açıqladı
Azərbaycan millisinin sabiq qapıçısı Fərhad Vəliyevin ölkə xaricində çıxış etmək şansı yaranıb. Apasport.az saytının məlumatına görə, gününü “Qarabağ”ın ehtiyat oyunçular skamyasında keçirən qolkiperlə Türkiyənin Bank Asiya I Liqasından maraqlanan olub. Dəstənin autsayderlər qrupunda məskunlaşan “Girəsunspor” 32 yaşlı futbolçuya birbaşa müqavilə təklif edib.

Klub bu istəyini menecerlər vasitəsilə Vəliyevin müqavilə ilə məxsus olduğu Ağdam təmsilçisinə də çatdırıb. Amma rəhbərliklə məsələni müzakirə edən Vəliyev dəvətə “yox” deyib. Qapıçı saytımıza açıqlamasında fikrini belə əsaslandırıb: “Həqiqətən də, bu klubdan dəvət almışdım. Gedib, oynaya bilərdim. Lakin hazırkı vəziyyətdə razılaşmadıq. Çünki “Qarabağ”la müqaviləm var. İnşallah, sözləşməm başa çatdıqdan sonra bu məsələyə növbəti dəfə qayıda bilərik. İnşallah, həmin zaman digər əcnəbi klubları da nəzərdən keçirərik”.

Qeyd edək ki, “Girəsunspor” 18 komandanın iştirakı ilə keçirilən Bank Asiya I Liqasında 16 turdan sonra 17-ci pillədə qərarlaşıb.