Vaqif Sadıqov: Gərək lazımlı məşqçi olasan... – MÜSAHİBƏ
09.01.2012 - 13:26
Vaqif Sadıqov: Gərək lazımlı məşqçi olasan... – MÜSAHİBƏ
“Anji” klubundan uzaqlaşdırılan həmyerlimiz Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- “Anji”dəki karyeranızla bağlı nə deyə bilərsiniz?
- Yanvarın 6-da yeni baş məşqçi Yuri Krasnojan mənə telefon açdı. Komandada gördüyümüz işə görə bizə təşəkkürünü bildirdi. Düzgün işlər gördüyümüzü qeyd etdi. Baş məşqçi öz heyəti ilə çalışmağa öyrəşdiyini qeyd etməklə yanaşı, komandaya yeni 4 məşqçi dəvət edəcəyini söylədi. Yəni, tək mənim yox, digər məşqçilərin də xidmətindən bir növ imtina etdi. Bir növ halallıq aldı. Bunu normal qarşılamaq lazımdır. Əvəzində ona xoş sözlər söylədim. Çünki çalışdığım müddətdə “Anji”də xoş günlər keçirdim, böyük məşqçilərlə işlədim. “Anji”yə qarşıdakı oyunlarda uğurlar arzuladım. İstərdim ki, komanda avrokuboklara vəsiqə verən yerlərdən birini tutsun və qitə miqyaslı yarışlarda uğurla çıxış etsin.

- Ancaq sizin klubla qüvvədə olan müqaviləniz var. Bununla bağlı klub rəhbərliyi ilə görüşünüz olacaqmı?
- Baş məşqçi bu işdə hansısa incikliyin yaranmayacağını bildirdi. Yəni komanda təlim-məşq toplanışına yollanır. Hazırlıq başa çatdıqdan sonra rəhbərliklə görüşümüz olacaq. Fikrimcə, “Anji” kimi klubda bu sahədə hansısa problem yaşanmayacaq.

- “Anji”dəki 1 illik fəaliyyətinizi necə xatırlayırsınız?
- Bu komandada gördüklərim mənim üçün hərtərəfli yenilik oldu. Geridə qalan 1 ili ancaq xoş sözlərlə xatırlaya bilərəm. Çox şey götürdüm. “Anji”dəki fəaliyyətimin 23 illik məşqçilik karyeramda özünəməxsus yeri olacaq. Əlbəttə, çox şad olardım ki, komanda üzərində çəkdiyimiz zəhmətimiz puça çıxmasın və mövsümün sonunda “Anji” ən azı avrokuboklara vəsiqə qazansın. İnanıram ki, gələcəkdə Avropada səviyyəli “Anji” görəcəyik. Təbii ki, komanda qarşıya qoyulan məqsədə çatmırsa, müəyyən dəyişiklik olmalıdır. Bu işə məşqçilər korpusundan başlanıldı. Ola bilsin, gələcəkdə futbolçular arasında da hansısa dəyişikliklər olsun. Bunu istisna etmirəm.

- Sizə klubda başqa vəzifədə çalışmaq təklif olunubmu?
- Ola bilərdi. Ancaq mən məşqçi kimi dəvət olunmuşdum və gələndə də əsas komandada çalışacağımı qeyd etmişdim. Ona görə də komandada qalmağı məqsədəuyğun hesab etmədim.

- Çalışdığınız müddət ərzində müəyyən əlaqələr qurmusunuz. Buna əsaslanıb Rusiyanın başqa klublarında çalışmaq ehtimalınız varmı?
- Təcrübə baxımından xeyirli oldu. Futbol menecerləri ilə tanış oldum. Onların əksəriyyəti artıq iş prinsipimə bələddirlər. Başqa klubda çalışmaq üçün mütləq PRO lisensiyası əldə etməliyəm. Məni işlə təmin etmək istəyən digər insanlar da tezliklə PRO lisenziyasını əldə etməyimi məsləhət gördülər. İndi Rusiya karyeramı davam etdirmək üçün bu məsələni yoluna qoymağa çalışacam. Çünki klublar da menecerlərlə işləyir.

- Xeyli müddətdir Bakıdasınız. Yerli klublardan necə, sizinlə əlaqə saxlayan varmı?
- Hələ ki, heç bir komanda mənimlə əlaqə saxlamayıb. Həm də “Anji”dən ayrıldığım cəmi 2-3 gün əvvəl bilinib. Klublarımıza uğurlar arzulayıram.

- Bəs planlarınız necədir?
- Bayaq qeyd etdiyim kimi, ilk növbədə PRO lisenziyasına sahib olmalıyam. Hər zaman qeyd etmişəm ki, mən Azərbaycan futboluna sadiq insanam. Mütəxəssis əvvəlcə vətənində tələb olunana məşqçiyə çevrilməlidir. Bundan sonra başqa ölkələrdə çalışmaq mümkündür. PRO-nu almaq üçün təxminən 1 ilə yaxın vaxt lazımdır. Bir ara həmin lisenziyanı əldə etmək istəyirdim. Amma işlərimin çoxluğu buna imkan vermədi. AFFA-nın təşkil etdiyi kurslara qatılmağı planlaşdırıram. Bu müddət ərzində nəyin necə olacağını indidən söyləmək mümkün deyil. Bir sözlə, əvvəlcə ölkəndə lazımlı mütəxəssisə olub, sonra başqa variantlar haqda düşünməlisən.