Zeynal Məmmədov: Artıq 7 futbolçu ilə yollarımızı ayırmışıq
09.01.2012 - 14:17
Zeynal Məmmədov: Artıq 7 futbolçu ilə yollarımızı ayırmışıq
“Bakı” klubu heyətlə bağlı islahatlarını aparmaqda davam edir. Klubun vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytına açıqlamasında yollarını ayırdıqları futbolçuların sayının 7-yə çatdığını bildirib. Gözlənildiyi kimi, moldovalı futbolçular – Vadim Boretslə Aleksey Savinov, yığmamızın da üzvü olan milliləşdirilən braziliyalı Fabio Luis Ramimin gedişi artıq rəsmiləşib. Məmmədov vidalaşdıqları daha bir legionerin adını açıqladı: “Bu, serbiyalı müdafiəçi Stevan Batesdir. Onun digər 3 legionerdən fərqli bizimlə müqaviləsi yoxdur. Ötən qış komandamıza qayıdan Bateslə 1 illik anlaşmışdıq ki, bunun müddəti artıq bitib. Borets, Savinov və Ramimlə isə müqavilələrimiz var. Ancaq transfer vərəqələrinin verilməyi ilə bağlı ortaq məxrəcə gələcəyimizi düşünürəm. Yerli futbolçularımızdan gedənlər isə Əziz Quliyev, Emin Cəfərquliyev və Nicat Abdullayevdir”.

Vitse-prezident heyətlə bağlı qərarın baş məşqçi Aleksandr Starkovla görüşdən sonra verildiyini bildirib: “Latviyalı çalışdırıcımız həmin 7 futbolçunun xidmətində maraqlı olmadı. Onları xeyir verməyəcəyinə görə komandada saxlamadıq. Təbii ki, heyətdəki boşluqları aradan qaldıracağıq. Gedənlərin yerinə mütləq yeni transferlər olacaq. Bu yöndə işlər gedir, həll olunan kimi adlarını biləcəksiniz”.

“Bakı”nın müqaviləsini uzatmadığı Əziz “İnter”ə keçdi, Emin isə “Simurq”a icarəyə verildi. Bir müddət oyun praktikası sarıdan korluq çəkən Nicatın da icarəyə veriləcəyi gözlənilir. 4 legioner isə cari mövsümdə “Bakı”nın əsas heyətində yerlərini itirmişdilər.

Qeyd edək ki, Borets, Savinov, Ramim 2008-ci ilin yayında “Bakı”ya gəlmişdilər. Bates isə bundan 1 il sonra transfer olunaraq, bir mövsüm çıxış etdi. O, 2010-cu ilin yayında almaniyalı baş məşqçi Vinfred Şaferin vaxtında gedərək, Starkovun təyinatından sonra ötən qış komandaya dönmüşdü.

Mehman SÜLEYMANOV