“Araz Abdullayev varlığını hiss etdirməyə can atırdı”
09.01.2012 - 16:35
“Araz Abdullayev varlığını hiss etdirməyə can atırdı”
“Panionios” klubunda rəsmi debütü uğurlu alınan Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Superliqadakı 2-ci qarşılaşmasında da özünü yaxşı tərəfdən göstərib. Apasport.az saytının məlumatına görə, səfərdə “Erqotelis”ə 0:1 hesabı ilə uduzan komandanın heyətində 44-cü dəqiqədə meydana daxil olan 20 yaşlı yarımmüdafiəçi Yunanıstan mətbuatının xoş sözlərinə layiq görülüb.

Həmkarlarımız onu matçın az qala ən yaxşısı sayıblar: “Kolovosun dizindən zədə alıb meydanı tərk etməsindən sonra onu Abdullayev əvəzlədi. Meydanda mübarizə aparan digər futbolçulardan fərqli, Araz özünün varlığını hiss etdirməyə can atırdı. Rəqib qapısı ağzında yaranan ən ciddi təhlükələrdən biri də onun iştirakı ilə gerçəkləşən hücum zamanı qeydə alındı. Lakin həmin anda qapıçı zərbəni dəf etdi”.