“Rəqiblərimiz nə qədər güclü olsalar, bizim xeyrimizədir”
09.01.2012 - 20:12
“Rəqiblərimiz nə qədər güclü olsalar, bizim xeyrimizədir”
“Bayramla əlaqədar istirahətə yollanmışdıq. 2-3 gündür məşqlərimizi bərpa etmişik. Komanda hələ tam formalaşmayıb”. Bu sözləri apasport.az saytına açıqlamasında futzal üzrə Azərbaycan yığmasının və “Araz” klubunun üzvü Rizvan Fərzəliyev deyib.

Yanvarın 14-dən 16-dək sayca V Bakı Beynəlxalq Futzal Turniri keçiriləcək. Bu dəfə qalib adı uğrunda yığmamızla yanaşı, Ukrayna, Türkiyə və Özbəkistan futzalçıları mübarizə aparacaq. Artıq turnirin təqvimi hazırdır. İndiyə qədər keçirilən yarışların hamısında kuboku millimiz qazanıb.
Millinin üzvü ənənəni yenə davam etdirmək niyyətində olduqlarını bildirib: “Məqsədimiz qalib olmaqdır. Qarşıda bizi Avropa çempionatının final mərhələsi gözləyir. Həm gücümüzü yoxlayacağıq, həm də qitə birinciliyinə qalib əhval-ruhiyyədə yollanmaq istəyirik”.

Heyətlə bağlı danışarkən, futzalçı bu günlərdə Rusiyanın KPRF klubuna transfer olunan qapıçı Andrey Tveryankinin iştirakının sual altında olduğunu vurğulayıb: “Hələlik Serjio bizimlə deyil. O, Ukraynadadır və yanvarın 12-də komandaya qoşulacaq. Ondan başqa, Tveryankinin bu turnirdə iştirakı sual altındadır. Çünki Rusiyada çempionat davam edir. Ona görə də onu Maratın əvəzləyəcəyi gözlənilir”.

Ötən ay Bakıda dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Ukrayna ilə keçirilən və millimizin qələbə qazandığı oyunla bağlı müəyyən söz-söhbətlər yayılmışdı. Xüsusilə, məğlubiyyətlə heç cür barışmayan Xorvatiya yığması narazı qalmışdı. Turnirdə yenidən Ukrayna futzalçıları ilə üz-üzə gələcəklərini deyən Fərzəliyev onlara həmin qələbənin təsadüfi olmadığını sübut edəcəklərini deyib: “Uduzan komanda hər zaman nədənsə narazı qalır, şikayət edir. Bizim Ukraynanı 4:2 hesabı ilə udmağımız sensasiya deyildi. Onları ilk dəfə məğlub etmirdik. Avropa çempionatının final mərhələsində, eləcə də Bakıdakı beynəlxalq turnirdə Ukraynanı üstələməyi bacarmışdıq”.

Turnirdəki digər rəqiblərimiz haqda da danışan futzalçı Özbəkistanla oyunu xatırladı: “Onlarla Bakıdakı turnirdə qarşılaşmışdıq. Özbəkistan birinci hissədə bizi udurdular. Fasilədən sonra toparlanıb, istədiyimiz qələbəni qazandıq. Türkiyə yığması da tanış komandadır. Ümumiyyətlə, rəqiblərimiz nə qədər güclü olsa, bizim xeyrimizədir”.

Təbii ki, dekabrda Bakıda keçirilən dünya çempionatının seçmə qrup oyunları zamanı millidə müəyyən çatışmazlıqlar yox deyildi. Bəs görəsən millinin üzvü əsasən hansı çatışmazlıqdan narahatdır? Suala konkret cavab ala bilməsək də, Fərzəliyev qarşıda hələ kifayət qədər vaxtın olduğunu deyib: “Çatışmazlıqlar var. Bu, baş məşqçinin işidir. O, turnir zamanı bu səhvləri yoluna qoymağa çalışacaq. Turnirdən sonra isə buraxdığımız səhvləri aradan qaldırmaq üçün zamanımız olacaq”.