Vladislav Qədirov: Məbləğdən xəbərim yoxdur - MÜSAHİBƏ
10.01.2012 - 15:31
Vladislav Qədirov: Məbləğdən xəbərim yoxdur - MÜSAHİBƏ
“Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirovun apasport.az saytına müsahibəsi

- “Pro” lisenziyasının tələbi kimi “Barselona”nın düşərgəsində olacaqsınız. Səfər proqramı artıq bəllidirmi?
- İspaniyaya sabah gedəcəyəm. Proqram kifayət qədər zəngindir. İlk gün əsas komandanın məşqinə baxandan sonra “Barselona”nın baş məşqçisi Xosep Qvardiola ilə görüşəcəyəm. Əvəzedici heyəti də izləyəcəyəm. Katalonların evdə “Betis”lə görüşünə də baxmaq imkanım da olacaq.

- Sirr deyilsə, bu səfərə nə qədər xərc çəkəcəksiniz?
- Açığı, bunu bizim rəhbərlər, şirkət ödəyir. Məbləğdən xəbərim yoxdur. Ancaq biletin qiymətini bilirəm ki, gediş-gəliş üçün 800 manat lazımdır. Biz isə 3 nəfər gedəcəyik. Mən, klubun vitse-prezidenti Bəhruz Şirəliyev və tərcüməçi.

- Səfəriniz “Rəvan”ın hazırlığı ilə üst-üstə düşür. Siz İspaniyada olarkən, komanda ilə kim məşğul olacaq?
- Biz artıq növbəti oyunların hazırlığına başlamış kimiyik. Artıq yerli oyunçular tibbi müayinədən keçiblər. Sabahdan komanda hazırlığa başlayacaq. Ayın 15-də legionerlər komandaya qoşulacaqlar. Ayın 21-də isə Mingəçevirə yola düşəcəyik.

- Yəqin ki, yeni futbolçular da məhz həmin ərəfədə komandaya qoşulacaqlar. Ümumiyyətlə, axtarışların bir nəticəsi varmı?
- Hər işin bir nəticəsi olur. Biz qarşımıza heyəti gücləndirmək məqsədi qoymuşuq. İsveç, eləcə də Afrikadan 4 futbolçu dəvət edib, onlardan birini seçəcəyik. Onlardan bizim taktikaya uyğun olan birini götürəcəyik.

- “Rəvan” əzmkarlığı ilə diqqət mərkəzində olan komanda idi. Necə düşünürsünüz, yaranmış fasilə komandanın ümumi vəziyyətinə mənfi təsir göstərə bilərmi?
- Düzü, bu məsələ həqiqətən də baş məşqçiləri narahat edir. Amma futbolçular peşəkardırlarsa, fasilədə də öz üzərində işləməyi bacarmalıdırlar. Hazırlıq zamanı 4 oyun keçirəcəyik. Bu zaman çatışmazlıqları görüb, aradan qaldırmağa çalışacağıq. “Altılıq” mərhələsinə qədər də 4 oyun keçirməliyik. Əgər vəzifəmizin öhdəsindən gəlmək istəyiriksə, mütləq qələbə qazanmalıyıq. Odur ki, oyunlarda maksimum nəticələrə köklənəcəyik.

- Öncə demişdiniz ki, qış hazırlığını məhz duruma görə quracaqsınız. Azərbaycanda qalmaq o deməkdir ki, siz “altılığ”a düşməyəcəyinizi qəbul edirsiniz?
- Qətiyyən belə deyil. Sadəcə, gördüyü yer insanın fikrini dəyişə bilər. Bizim Antalyaya getməyimiz üçün heç bir problem yox idi. Sadəcə, “Qarabağ”la oyun ərəfəsində getdiyimiz Mingəçevir məndə gözəl düşüncə formalaşdırdı. Orada komandaya lazım olan hər şey var. Super mehmanxana mövcuddur. Yalnız 1 - rəqib problemi yaşaya bilərdik ki, bunu da artıq yoluna qoymuşuq. Elitadan AZAL, I diviziondan isə lider komandalardan olan “Karvan”la qarşılaşacağımız dəqiqləşib.

- Belə müəyyənləşdirmək olar ki, siz heyətdə ciddi dəyişiklik etməyəcəksiniz....
- Buna ehtiyac görmürəm. Bizim heyətdə yer alan futbolçuların 90 faizi qalacaq. Yalnız 4 nəfər var ki, onları artıq yola salmışıq. Vaxtilə mənim bəyənmədiyim oyunçular var idi ki, onların bəzilərində də inkişaf görürəm.

- Davud Kərimini yola saldıqdan sonra komandada qapıçı qıtlığı yaranıb. Bunu kimin hesabına aradan qaldıracaqsınız?
- Bəziləri ilə danışığımız olsa da, hələ bilmirik ki, kimi cəlb edəcəyik.