Vəli Qasımov yığmadan kənarlaşdırılır
11.01.2012 - 00:04
Vəli Qasımov yığmadan kənarlaşdırılır
Azərbaycan millisində (U-19) baş məşqçi dəyişikliyi gerçəkləşir. Apasport.az saytının məlumatına görə, AFFA rəhbərliyi Vəli Qasımovu yığmadan kənarlaşdırmağa hazırlaşır.

Buna U-19-un nəticələri səbəb olub. Belə ki, yığmamız Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə 12 komanda arasında 12-ci olub. 2010-cu ilin payızından U-19-a rəhbərlik edən Qasımov son 1 ayda 2-ci dəfə istefa qərarı ilə üzləşir. Məsələ ondadır ki, o, az əvvəl U-19-la yanaşı çalışdığı əsas milli komandadakı köməkçi-məşqçi vəzifəsindən də kənarlaşdırılmışdı.

Qeyd edək ki, yığmaların baş məşqçilərin ilə qərar çıxarmaq səlahiyyəti olan AFFA-nın İcraiyyə Komitəsinin yeni ildə ilk iclası fevralda olacaq. Qasımovun gedişi məhz orada rəsmiləşə bilər. 44 yaşlı çalışdırıcının AFFA ilə bağladığı müqavilə bu ilin payızında bitir.