Rəşad Sadıqovla Don Anakuranı birləşdirən məqam
11.01.2012 - 10:31
Rəşad Sadıqovla Don Anakuranı birləşdirən məqam
Dünyanın ən yaxşı futbolçusu ilə bağlı səs verənlərin tam siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Barselona”nın argentinalı hücumçusu Lionel Messinin qalibi olduğu sorğuda 157 yığmanın baş məşqçisi ilə kapitanı iştirak edib. Onlardan ölkəmizi almaniyalı Berti Foqtsla Rəşad Sadıqov təmsil edib. Məlum olduğu kimi, almaniyalı çalışdırıcımızla kapitanı Messini 1-ci yerdə göstərərək, sonda hər ikisi qalibi düz tapıb. Foqtsla Sadıqov 2-ci və 3-cü yerlərdə müvafiq olaraq almaniyalı yarımmüdafiəçi Bastian Şvaynştaygerlə ingilis hücumçu Ueyn Runi, portuqaliyalı hücumçu Kriştianu Ronaldo ilə almaniyalı yarımmüdafiəçi Məsut Özilə səs verib.

Əgər bizim seçimlərin kiminlə eyni olduğuna baxsaq, yalnız Rəşadın variantını fərqləndirə bilərik. Belə ki, Seyşelı yığmasının kapitanı Don Anakura da “Qarabağ”ın müdafiəçisi kimi Messi, Ronaldo və Özilə səs verib. Foqtsun isə namizədlərini təkrarlayan yoxdur. Yalnız Qırğızıstan yığmasının baş məşqçisi Murat Cumakeyev almaniyalı həmkarı kimi ilk 2 yerdə Messi ilə Şvaynştaygeri göstərib. Ancaq o, 3-cü kimi Runi yox, ispan yarımmüdafiəçi Xabi Alonsoya səs verib.

Baş məşqçilərin siyahısına nəzər salsaq, bizə tanış simaları görə bilərik. Belə ki, “Bakı”nın və Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov da Sadıqov kimi Messi ilə Ronaldoya ilk 2 pillədə yer verib və “Qızıl top” uğrunda mübarizədə ilk 2 yeri də məhz onlar tutublar. Starkovun 3-cü namizədi ispan hücumçu David Vilya olub. Onun ötən qış “Bakı”nın “sükanı arxası”nda əvəzlədiyi almaniyalı Vinfreş Şafer isə hazırda Tailanda yığmasının baş məşqçisi kimi sorğuya qatılıb. O, “Barselona”nın futbolçularına – Xavi Ernandes, Lionel Messi və Andreas İnyestaya üstünlük verib.

Vaxtilə Sumqayıtın “Gənclərbirliyi” klubunun baş məşqçisi olan Adel Amruş isə xeyli vaxtdır Burundi yığmasını çalışdırır. Fransalı mütəxəssis həmyerlisi olan hücumçu Kərim Benzamanı ən yaxşı sayıb. Amruş 2-ci yerdə Kərimin Madrid “Real”ında komanda yoldaşı olan Özilə 2-ci, Rusiyanın “Anji” klubunun və Kamerun yığmasının kapitanı olan hücumçu Samuel Eto’Oya 3-cü pillədə yer verib.

Mehman SÜLEYMANOV