“Simurq”un tarixində belə nəticə olmamışdı” - MÜSAHİBƏ
12.01.2012 - 00:02
“Simurq”un tarixində belə nəticə olmamışdı” - MÜSAHİBƏ
“Simurq”un icraçı-direktoru Vaqif Əliyevin apasport.az saytına müsahibəsi

- Premyer Liqanın arxada qalan hissəsini necə dəyərlənirirsiniz?
- Əlbəttə, ötən illə müqayisədə komandada irəliləyişin olduğu göz qabağındadır. Sadəcə, istədiyimiz nəticəni əldə edə bilmədik. Komandanın ilk “altılığ”a düşməsini istəyirdik. Qarşıda qalan 4 turda bunu reallaşdıracağımız çox çətin görünür. Çünki güclü rəqiblərlə oyunlarımız var. İstənilən halda, son anadək mübarizə aparacağıq. İlk “altılığ”a düşməsək də, mövsümü heç olmasa 7-8-ci yerlərdən birində başa vurmağa çalışacağıq.

- Komandanın qarşısına ilk “altılıq” uğrunda mübarizə aparmaq tapşırığı mövsümün əvvəlindən qoyulmuşdu, yoxsa hadisələrin inkişafı bu istəyi yaratdı?
- Sözün düzü, çempionata başlayanda belə iddiamız yox idi. Çünki komanda çox gec yığılmışdı. Baş məşqçi, eləcə də bir necə aparıcı futbolçular heyətə gec qoşuldular. Belə olan təqdirdə, komanda kimi formalaşmaq üçün müəyyən vaxta, zamana ehtiyac var idi. Ancaq 3-4 turdan sonra gördük ki, potensialımız var. Belə olan təqdirdə niyə də olmasın? İşlər pis getmirdi. Son 2-3 oyunda gözlənilmədən xallar itirdik. Bununla, işimizi xeyli çətinləşdirdik.

- Həmin oyunlarda istədiyiniz nəticəni qazana bilməməyiniz nə ilə bağlı idi? Futbolçular konsentrasiya ola bilmədilər, yoxsa başqa problemlər ortaya çıxdı?
- Konsentrasiya deyəndə, bütün oyunlara eyni cür hazırlaşırıq. Yuran futbolçuları oyuna psixoloji cəhətdən çox yaxşı hazırlayır. Lakin oyun, alınmayanda alınmır. Həmin görüşlərdə də istədiyimiz oyunu sərgiləyə bilmədik. Bu, motivasiya ilə bağlı deyildi. Rəqiblərimiz də güclü idi. Ümumiyyətlə, çempionatda rahat udulacaq komanda yoxdur.

- Daha çox hansı məqamlardan narazı qaldınız?
- Narazılığımız əsasən qapıçı ilə bağlı idi. Baş məşqçimiz Sergey Yuran da bir neçə dəfə bu haqda danışmışdı. Hodziçin kobud səhvləri üzündən məğlub olduğumuz oyunlar da var idi. Ona görə də onunla yollarımızı ayırdıq. Tək Hodziç yox, zəif təsir bağışlayan digər futbolçuların hamısını yola saldıq. İndi həmin mövqeləri gücləndirmək istiqamətində çalışırıq.

- Yenilər əsasən gənclər olacaq?
- Gənclər də olacaq, təcrübəlilər də.

- Bu günlərdə karyerasını “Neftçi”də keçirmiş İqor Getmanı məşqçi kimi komandaya dəvət etdiniz...
- Bununla bağlı çox suallar verilir. Getmanın “Neftçi”dən “Simurq”a keçməsi niyə bu qədər gözlənilməz oldu ki? Bu adam işləmək istəyir. “Neftçi”də uşaqlarla işləyirdi, bizdə əsas komandada köməkçi məşqçi olacaq. Yaxşı futbolçu olub. Sadəcə, onun “Neftçi”dən “Simurq”a keçməsi hamıda maraq doğurub. Bizim bütün klublarla yaxşı münasibətimiz var.

- Yeni köməkçi-məşqçinin götürülməsi nə dərəcədə aktual idi? Çünki buna qədər məşqçilər korpusunda bu post yox idi. Baş məşqçinin bundan xəbəri varmı?
- Bu həm klub rəhbərliyinin, həm də baş məşqçinin istəyi ilə baş verdi. O, köməkçi-məşqçi olmaqla yanaşı, seleksiya işləri ilə də məşğul olacaq.


- Yeni transferlər arasında legionerlərin olacağını da dediniz. Onlar vaxtilə çempionatımızda oynayıblar?
- Xeyr, Azərbaycanda oynamayıblar. Həmin futbolçularla danışığı rəhbərlik və baş məşqçi aparır.

- Ötən mövsüm “Simurq” elitanı tərk etməli idi. Lakin I diviziondan ikinci komandanın Premyer Liqaya yüksəlməməsi işinizə yaradı. İndi şərait baxımından nə kimi irəliləyiş var?
- Müsbətə doğru dəyişiklik var. Komandaya baxış, yaradılan şərait yüksək səviyyədədir. Bakıya yollandığımız zaman komanda ən yaxşı oteldə məskunlaşır.

- Ötən il aşağı yaşlı futbolçulardan ibarət komandalarınız əksər oyunlara getmirdilər. Bəs bu ilə vəziyyət necədir?
- Bu il belə şey yoxdur. Uşaq komandaları, eləcə də əvəzəedicilər üçün avtobuslar ayrılıb. Oyunlara onlar aparırlar.

- Ümumiyyətlə, uşaq futbolu ilə bağlı yeni layihəniz varmı?
- Uşaq futbolu ilə bağlı klubun yeni layihəsi var. Artıq yaxın bölgələrdə - Balakən, Şəki, Qax zonalarında uşaqlar arasında seçimlər edir, perspektivli uşaqları komandamıza cəlb edirik. Bu gün təsadüfi deyil ki, “Simurq”un əvəzedici komandası turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. İndiyə qədər “Simurq”un tarixində belə nəticə olmamışdı.