“Sürücülər dönüblərsə, avtobuslar da qayıdacaq” - MÜSAHİBƏ
11.01.2012 - 18:00
“Sürücülər dönüblərsə, avtobuslar da qayıdacaq” - MÜSAHİBƏ
“Kəpəz” klubunun prezidenti Elmir Əliyevin apasport.az saytına müsahibəsi

- Dünən klubun fəaliyyətini davam etdirməsi ilə bağlı rəsmi açıqlama yayıldı. Komandanın rəhbəri kimi, deyilənləri təsdiqləyirsinizmi?
- Bildiyiniz kimi, ötən ilin sonlarında klubun çempionatdakı çıxışını dayandırması ilə bağlı rəsmi müraciət etmişdik. Çünki sponsorlar klubu maliyyələşdirmək istəmirdilər. Ancaq bu günlərdə onlarla yenidən danışıqlarımız oldu. Bu işdə Gəncə Regional Futbol Federasiyasının rəhbəri Xanlar Fətiyevin də əməyi oldu. Onun işə qarışmasından sonra sponsorlarla aparılan danışıqlar müsbət sonluqla başa çatdı. Belə qərara gəlindi ki, komanda fəaliyyətini davam etdirsin.

- Sponsorlar mətbuatda klubla bağlı yazılanlardan incik düşmüşdülər. Onlarla nə danışdınız ki, əvvəlki işlərini yenidən davam etdirmək qərarına gəldilər?
- Neçə illər idi Gəncədə futbol yox idi. Biz komandanı bərpa etdik və böyük futbolu Gəncəyə qaytardıq. Bu illər ərzində müəyyən işlər görmüşük. Baxın, klubun nəzdində neçə komanda yaratmışıq. Bu gün “Kəpəz”in fəaliyyətini dayandırması, onların məhv olması deməkdir. Gəncə azarkeşlərinə də təşəkkürümü bildirirəm. Onlar ilk gündən komandanın yanında oldular. Bu məsələ ortaya çıxdıqdan sonra azarkeşlər, Gəncə futbol ictimaiyyəti də sponsorlara müraciət ünvanladılar. Təbii ki, danışıqların müsbət məcrada keçməsində bunun da rolu oldu.

- Maliyyə baxımından heç bir problem olmayacaq?
- Qətiyyən, əvvəlki kimi hər şey qaydasında olacaq.

- Strategiya necə olacaq?
- Gənc, yerli futbolçulara üstünlük verəcəyik. Gələcəyin komandasını quracağıq. Artıq 4-5 nəfəri əvəzedici komandadan əsas heyətə cəlb etmişik. Birinci divizionda mübarizə aparan “Tərəqqi”dən də bir neçə nəfəri komandaya götürəcəyik. Başqa danışıq apardığımız oyunçular da var. Bu gündən məşqlər başlayıb. Fuad İsmayılovun rəhbərliyi altında artıq ilk məşqimizi keçirdik. Fikrimcə, yaxşı komanda alınacaq. Əlbəttə, təcrübəli futbolçuların qalması şərti ilə.

- Legionerlər komandaya dönüblərmi?
- Armand Feutçine, Junivan Suares, Yuri Fomenko, Nikolay Svejentsev artıq məşqlərdə iştirak edirlər.

- Mirbağır İsayev istefa verməzdən əvvəl 11 futbolçunun komandadan kənarlaşdırıldığını bildirmişdi. Həmin oyunçulardan geri qaytarılan oldumu?
- 9 nəfərlə yollarımızı ayırmışıq. Onlardan hələlik geri dönəni yoxdur. Qarşıda təlim-məşq prosesi olacaq. Yəqin ki, baş məşqçi də müəyyən qərarlar verəcək.

- İsayevin ayrılmasına səbəb olan qapıçı komandada saxlanıldı?
- Hamı onu xəbər alır. Tural Abbaszadə komandada qalıb. Onu gənc qapıçı kimi saxlamışıq. Nədənsə, hamı Turalla maraqlanır.

- Hazırlıq planı barədə nə deyə bilərsiniz? Ölkə xaricində toplanış keçirməyi düşünürsünüzmü?
- Hələlik Gəncədə hazırlaşacağıq. Çünki hər şey birdən oldu. Hər şey qarşıdakı günlərdə bilinəcək. Ola bilsin, ölkə xaricinə üz tutaq. Bu barədə dəqiqləşmə apardıqdan sonra məlumat verəcəyik.

- İsayevlə yanaşı, köməkçiləri də komandadan ayrılmışdılar. Bəs hazırkı baş məşqçi Fuad İsmayılovun köməkçiləri kimlər olacaq?
- Hələlik Xaliq Mərdanov.


- Çempionatın əvvəlində mükafatlar uğrunda mübarizə aparacağınızı demişdiniz. Ancaq bu gün autsayderlər qrupunda yer almısınız. Heyəti gəncləşdirməklə, elitadakı yerinizi itirməkdən necə, qorxmursunuz?
- Belə düşünmürəm. Əksinə, inanıram ki, bu gün quracağımız komanda ikinci “altılıq”da ən güclülərdən olacaq. Biz həm də gələcəyin komandasını yaradırıq.

- Komandanın fəaliyyətini dayandırması ilə bağlı xəbərdən sonra kluba məxsus avtobusun sponsorlara qaytarıldığı deyilirdi...
- Xeyr, elə bir şey yoxdur. Fasilə yarandıqdan sonra avtobusları təmirə göndərdik. Artıq sürücülər burdadır. Onlar dönüblərsə, deməli, avtobuslar da təmirdən sonra komandanın sərəncamında olacaq.