Araz Abdullayev yanvarın 18-ini gözləyir
12.01.2012 - 14:19
Araz Abdullayev yanvarın 18-ini gözləyir
Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi “Panionios”un Yunanıstan kubokundakı növbəti rəqibi yanvarın 18-də müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, 1/8 finalda adlı-sanlı, vaxtilə Çempionlar Kubokunun finalında oynamış “Panatinaikos”u mübarizədən kənarlaşdıran Afina təmsilçisinin taleyinə püşk aydınlıq gətirəcək.

Yanvarın 18-də 1/4 və 1/2 final mərhələlərinin püşkatması olacaq ki, həmin gün “Panionios” həm növbəti rəqibinin kimliyini, həm də potensial rəqiblərinin adını biləcək. Artıq 1/4 finala çıxan komandalardan 4-nün adı məlumdur. 20 yaşlı yarımmüdafiəçimizin komandası ilə yanaşı, “Korfu”, “Asteras Tripolis” və Yunanıstanın ən titullu klubu “Olimpiakos” da 1/8 final səddini aşıb. Digər 4 1/8 final matçı isə püşkə qədər olan müddətdə baş tutacaq.

Qeyd edək ki, Araz “Panatinaikos”la görüşdə 88 dəqiqə oynayıb.