Böyükağa Hacıyev: Bu, 6 futbolçu üçün bir şansdır
12.01.2012 - 18:53
Böyükağa Hacıyev: Bu, 6 futbolçu üçün bir şansdır
"Qış fasiləsindən ən yaxşı şəkildə yararlanmaq istəyirik. Burada məşqlər keçməyimiz üçün hər bir şərait yaradılıb”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib. 54 yaşlı çalışdırıcı klubunun rəsmi saytına açıqlamasında yanvarın 11-də Türkiyənin Antalya şəhərində başlayan təlim-məşq toplanışı haqda fikirlərini bildirib.

Hacıyev 2 həftəlik hazırlıqda fiziki hazırlığa diqqət yetirməklə yanaşı, yoxlama oyunu keçirəcəklərini bildirib: “Hər gün – səhər və axşam 2 məşqimiz olur. Təlimlərdə heyətin bütün üzvləri iştirak edir. Bununla yanaşı, əvəzedicilərin 6 futbolçusu əsas komanda ilə hazırlığa qatılıb. Bu da onların təcrübə qazanması və yaxın gələcəkdə əsas heyətin üzvünə çevrilməsi üçün bir şansdır. İlk mərhələ əsasən fiziki hazırlıqdan ibarətdir. Bu müddət ərzində 3 yoldaşlıq oyunu da keçirəcəyik. İnanıram ki, Antalya təlimlərindən sonra komanda bundan da yaxşı səviyyədə olacaq".