“Turan”ın taleyinə biz yox, İcraiyyə Komitəsi qərar verməlidir”
13.01.2012 - 12:51
“Turan”ın taleyinə biz yox, İcraiyyə Komitəsi qərar verməlidir”
Cari mövsümdə ciddi maliyyə problemi yaşayan və qalmaqallı oyunların iştirakçısı olan “Turan” klubunun gələcək taleyi ilə bağlı AFFA-nın İcraiyyə Komitəsi qərar verəcək. Apasport.az saytının məlumatına görə, İntizam Komitəsinin Tovuz təmsilçisi haqda müraciəti də “icrakom”un yanvarın 17-də keçirəcəyi iclasın gündəliyinə salınıb.

Müraciətin nədən ibarət olması diqqət çəkdiyindən, məsələni İntizam Komitəsinin sədri Tofiq Fətullayevlə aydınlaşdırmağı lazım bildik. O, saytımıza açıqlamasında “Turan” barədə ölkə kubokunun 1/8 finalında “İnter”lə “Şəfa” stadionunda keçirilmiş qalmaqallı görüşlə bağlı müraciət etdiklərini bildirib: “Turan” həmin oyunun 2-ci hissəsində meydana çıxmaqdan imtina etmişdi. Biz o vaxt məsələyə baxaraq, İntizam Məcəlləsinin müvafiq maddələri üzrə klub haqda qərar çıxardıq. Ancaq hansısa komandanın çempionatda çıxışını davam etdirib-etdirməyəcəyi haqda qərar verə bilmərik. Bu, bizim komitənin səlahiyyətində deyil. Bildiyiniz kimi, “Turan”da maliyyə problemləri var. Komandanın gələcək taleyi ilə bağlı qərarı İcraiyyə Komitəsi verəcək”.

“Turan”ın “İnter”ə noyabrın 30-da 0:2 hesabı ilə uduzduğu kubok oyununun 2-ci hissəsinə çıxmasına klubun prezidenti Musa Süleymanov icazə verməmişdi. Bu səbəbdən İntizam Komitəsi baş vermiş hadisələrlə əlaqədar Tovuz klubu haqa ağır cəza çıxarmışdı.

Cari mövsümdə ən çox cəriməyə məruz qalan komandalardan olan “Turan”ın Tovuzdakı matçlarında 2 dəfə hakimlərə xəsarət yetirilib. Nəticədə komanda İntizam Komitəsinin qərarı ilə 2 ev oyununu neytral meydanda keçirməyə məcbur olub ki, “Qəbələ”ni Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda qəbul edib. Üstəlik, ciddi maliyyə problemləri olan “Turan” “Bakı” ilə səfər matçına əvəzedici heyətini çıxarmalı oldu. Nəticədə əvəzedici komanda həmin turda öz çempionatında oynamadığı üçün cəzalandı.

Göründüyü kimi, Süleymanovun satmağa hazır olduğu klubdakı qalmaqallar artıq AFFA-nın “səbir kasasını daşdırıb”. Bütün milli çempionatımızın iştirakçısı olan, hazırda isə turnir cədvəlində son pilləsində qərarlaşan “Turan”la bağlı artıq ən sərt qərar çıxarıla - son xəbərdarlıq, yaxud Premyer Liqadan kənarlaşdırılması ilə bağlı qərar verilə bilər.

Mehman SÜLEYMANOV