AFFA-dan birdən-birə 2 təkzib: Bu, doğru xəbər deyil
13.01.2012 - 16:01
AFFA-dan birdən-birə 2 təkzib: Bu, doğru xəbər deyil
“Tiflisdə keçirəcəyi turnirlə bağlı UEFA-dan AFFA-ya heç bir rəsmi məktub daxil olmayıb”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib.

Qitə futbol qurumu Tiflisdə Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyə yığmalarının iştirakı ilə eksperiment turnir təşkil edəcək. Aprelin 14-dək 22-dək keçiriləcək yarışda 16 yaşadək oğlanlarla, 17 yaşadək qızlar iştirak edəcək. Gürcüstan Futbol Federasiyası (GFF) turnirin təşkilatçılığı və təhlükəsizliyin təmin olunmağı ilə bütün öhdəçilikləri boynuna götürdüyünü rəsmən açıqlayıb.

Nərimanoğlunun bildirdiyinə görə, UEFA-dan bu turnirdə iştirakla bağlı heç bir dəvət almayıblar: “Bu üzdən yığmamızın yarışa qatılacağı ilə bağlı məlumat yoxdur. Bunun üçün ilk növbədə dəvət almalısan. Ancaq AFFA-ya bu turnirlə bağlı UEFA-dan heç bir rəsmi sənəd daxil olmayıb. Daxil olandan sonra belə turnirdə iştirakı təsdiqləyəcəyimizi indidən dəqiq demək olmaz. Gərək UEFA-nın təklifini müzakirə edib, sonra qərar verəsən”.

Departament rəisi Rusiyanın “Daqdizel” klubunun qapıçısı Abdulla Hacıkadiyevin 21 yaşlılardan ibarət yığmamıza cəlb olunmağı ilə bağlı yayılan xəbərə də münasibət bildirdi: “Bu, doğru məlumat deyil. Biz belə bir qapıçını yığmamızın yanvarın 20-dən 29-dək Antalyadakı seleksiya xarakterli təlim-məşq toplanışına dəvət etməmişik”.

Mehman SÜLEYMANOV