“Qarabağ” yeni futbolçuları Antalyada gözləyəcək
14.01.2012 - 16:24
“Qarabağ” yeni futbolçuları Antalyada gözləyəcək
Sabah “Qarabağ” Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yanvarın 10-dan Bakıda start götürən hazırlığın yeni mərhələsi Antalyada davam edəcək. Bu gün son məşqinə çıxan ağdamlılar çalışmasını bitirərək, sabah Bakı – İstanbul – Antalya reysi ilə Aralıq dənizinin sahillərinə yollanacaq. Komanda orada 3 həftə təlim-məşq toplanışı keçəcək.

Ağdam klubu qardaş ölkəyə 23 futbolçu ilə gedəcək. Daha dəqiq desək, 21 futbolçu birbaşa Antalyaya yollanacaqsa, əməliyyatdan çıxdıqdan sonra bərpa prosesi keçən Rəşad Sadıqov 2 gün gec, Admir Teli isə İstanbulda komandaya qoşulacaq. “Qarabağ”ın düşərgəsinə qoşulacaq yeni futbolçular məhz Antalyaya gələcək.