Tələbələr üçün DÇ-2012-nin təqdimatı - FOTO
08.02.2012 - 13:04
Tələbələr üçün DÇ-2012-nin təqdimatı - FOTO
FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012-nin Yerli Təşkilat Komitəsi (YTK) tərəfindən növbəti təqdimat Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbələri üçün təşkil olunub. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, təqdimat zamanı YTK tərəfindən ADA-nın tələbələrinə FIFA U-17 qadınlararası dünya çempionatına hazırlıq, Könüllülük Proqramı və iş imkanları haqda məlumat verilib. 40-a yaxın iştirakçı 22 sentyabr – 13 oktyabr tarixlərində keçiriləcək çempionatın səhnəarxası işləri barədə daha çox məlumat əldə ediblər.

Qeyd edək ki, ADA həmçinin xarici ölkələri təmsil edən tələbələrin seçimi olan təhsil müəssisələrindən biridir. Bu təqdimatın əhəmiyyətli cəhətlərindən biri ondan ibarətdir ki, artıq başqa ölkələrdən olan tələbələr də qarşıdan gələn çempionat və bu yarışın təqdim etdiyi könüllülük imkanları haqda məlumatlandırılıb.

Yenicə “Şərq Tərəfdaşlığı Gənclik Pəncərəsi” adlı təşəbbüs çərçivəsində Avropa Könüllülük Xidməti proqramına akkreditasiyadan keçmiş AFFA artıq Avropa üzrə 60 könüllünü cəlb etmək hüququna malikdir. Bundan əlavə, YTK Könüllülük şöbəsi dünyanın dörd bir yanından həvəsli şəxsləri seçilmiş 1000 nəfərdən biri olmağa, bu beynəlxalq ailəyə qoşulmağa dəvət edir.

Qadın futbolunun inkişafı, qarşıdan gələn dünya çempionatı haqda təbliğatı gücləndirmək və könüllüləri cəlb etmək məqsədilə ali təhsil müəssisələri, QHT-lər, səfirliklər, şirkətlər və bu kimi digər qurumlarda silsilə təqdimatların keçirilməsi davam etməkdədir.