“Qara kitab” və şübhəli “Turan” – “Neftçi” görüşü
09.02.2012 - 12:00
“Qara kitab” və şübhəli “Turan” – “Neftçi” görüşü
FİFPro dünya futbolunun “Qara kitab”ını tərtib edib. Apasport.az saytının məlumatına görə, kitabda ayrı-ayrı zonalar üzrə xoşagəlməz hallarla bağlı reytinq cədvəlləri əks olunub.

Şərqi Avropa ilə bağlı bölmədə ən çox danışılmış oyunların olduğu məkan müəyyənləşib. Bölgənin 12 ölkəsindən olan futbolçular arasında keçirilən sorğunun nəticələrinə əsasən məlum olub ki, Qazaxıstanda daha çox futbolçuya oyun satmaq təklif edilib. Bu ölkədə futbolçuların 35, Yunanıstanda 30, Bolqarıstanda 14, Rusiyada isə 10,2 faizi etiraf edib ki, nə vaxtsa danışılmış oyunların iştirakçısı olmaq təklifi ilə rastlaşıb. Yunanıstan, Qazaxıstan, Çexiya və Rusiyadakı futbolçuların 40 faizindən çoxu isə belə oyunların mövcudluğundan xəbərdar olduğunu bildirib.

Qeyd edək ki, “Qara kitab”da Şərqi Avropanın 12 ölkəsində müqavilələrin qeyri-şəffaflığından tutmuş irqçiliyə qədər mövcud olan bütün məsələlərə toxunulub. Araşdırma aparılan 12 ölkə arasında Azərbaycan olmayıb.

Bununla belə, ölkəmizdə də danışılmış oyunlara rast gəlinib. Belə ki, 2009-cu ilin dekabrın 5-də Tovuzda keçirilmiş “Turan” – “Neftçi” matçı (2:3) xeyli müzakirələrə səbəb olmuşdu. Həmin şübhəli qarşılaşmanın ilk yarısında meydan sahibləri 2:0 hesabı ilə öndə idilər. Amma fasilədə apasport.az saytı ikinci yarıda “Turan”ın öz qapısından 3 top buraxaraq, bilərəkdən “ağ-qaralar”a 3 xal hədiyyə edəcəyini yazmışdı.